Yasamaldakı yanğına görə klinika direktoru saxlanıldı

Yasamaldakı yanğına görə klinika direktoru saxlanıldı

Cəmiyyət 23.11.2025 16:38 488

Baş Prokurorluğun Mətbuat xidməti paytaxtın Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə nəticələnmiş yanğın faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə 1 nəfərin şübhəli şəxs qismində tutulmasına dair mediada yayılan məlumatları təsdiq edir.

Az24.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

“Bununla yanaşı, media nümayəndələri və ictimaiyyətə müraciət edərək bildiririk ki, zərərçəkmiş şəxslərin hüquqları nəzərə alınmaqla, ibtidai istintaqın gedişinə dair qeyri-rəsmi mənbələrdən əldə olunan və dəqiqləşdirilməmiş həssas informasiyaların paylaşılması cəmiyyət arasında çaşqınlıq səbəb olur, eləcə də istintaqın obyektivliyinə zərər vurur.

Bütün rəsmi və təsdiqlənmiş məlumatlar qısa zamanda yalnız Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təqdim olunacaq.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, ibtidai istintaqla bağlı məlumat yayarkən qanunvericiliyin tələbləri rəhbər tutulmaqla, yalnız rəsmi mənbələrə istinad etsinlər, hüquqi əsası və təsdiqi olmayan informasiyaların yayılmasına yol verməsinlər.

İctimaiyyəti bir daha əmin edirik ki, cinayət işi üzrə istintaq tam, obyektiv və qanun çərçivəsində aparılır, nəticələr barədə əlavə məlumat veriləcəkdir” – məlumatda deyilir.

***

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı həmin binanın zirzəmisində yerləşən klinikanın direktoru cinayət məsuliyyətinə cəlb edilib.

Az24.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, binanın zirzəmi qatında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini müqavilə əsasında icarəyə götürmüş “Loft Dent” klinikasının direktoru Paşayev Bəhruz Sahib oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində istintaqı aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

Fakt Baş Prokurorluğun mətbuat xidmətindən “Report”a təsdiqlənib. Bildirilib ki, əlavə məlumat veriləcək.

Qeyd edək ki, hadisə zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. 20-dən çox adam isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Reklam