Xəzərin udduğu 21 həyat: Neft Daşları faciəsi

Xəzərin udduğu 21 həyat: Neft Daşları faciəsi

Maraqlı 21.11.2025 22:29 39

1957-ci il noyabrın 21-də Xəzər dənizi son yüz ilin ən güclü fırtınalarından birini yaşadı. Neft Daşlarında küləyin sürəti saatda 44 kilometrə çatır, dalğaların hündürlüyü isə 13 metri keçirdi. Həmin gün açıq dənizdə yeni qazılan kəşfiyyat quyusu üzərində, Neft Daşlarının təməlini qoyanlardan biri – təcrübəli neftçi Mixail Kaveroçkin və Süleyman Bağırovun rəhbərlik etdiyi 21 nəfərlik qazma briqadası iş başında idi.

Mixail Kaveroçkin 1925-ci ildən neft sənayesində çalışırdı. Neftçilərə verilən imtiyazlara baxmayaraq, 1941-ci ildə könüllü şəkildə cəbhəyə yollanmış, II Dünya müharibəsində iştirak etdikdən sonra yenidən neft sənayesinə qayıtmışdı. 1949-cu ildən Neft Daşlarında fəaliyyət göstərən Kaveroçkin dünyada ilk dəfə açıq dənizdə qazılan və 7 noyabrda fontan vuran quyunun mühəndisi olmuşdu. Onun rəhbərliyi ilə dənizdə və quruda ümumilikdə 130-dan çox neft quyusu qazılmışdı.

Faciə günü fırtına getdikcə güclənir, estakadalarda texnikanın və avtomobillərin hərəkəti tam məhdudlaşırdı. Dəniz səviyyəsindən 8 metr yüksəklikdə yerləşən estakadaların bəzi hissələri çökür, borular partlayır, qurğular sıradan çıxırdı. İşlək quyuların bağlanması zərurəti yarandığından neftçilər açıq meydançada işləməyə məcbur qalırdı.

Mixail Kaveroçkin radiorabitə vasitəsilə mərkəzlə əlaqə saxlayaraq xilasetmə katerlərinin göndərilməsini tələb etsə də, nəhəng dalğalar və güclü külək gəmilərin buruğa yaxınlaşmasına imkan vermirdi. Az sonra briqada ilə əlaqə tamamilə kəsildi.

21 neftçi açıq dənizdə, buruğun üzərində borulardan yapışaraq həyatda qalmağa çalışsa da, fırtınanın gücü buna imkan vermədi. Güclü dalğalar platformanı tamamilə dağıtdı və 21 nəfərin hamısı dənizə düşərək boğuldu. Hava şəraiti səbəbindən axtarış-xilasetmə işləri aparılmadı. Fırtına səngidikdən sonra əraziyə çatan katerlər nə platformanı, nə də neftçiləri tapa bildi. Sonrakı günlərdə də onların heç birinin nəşi aşkar olunmadı.

Hadisə rəsmi olaraq təbii fəlakət kimi təqdim edilsə də, faciənin əsas səbəbi partiya və müəssisə rəhbərliyinin hava şəraitini nəzərə almadan neftçiləri açıq dəniz platformasında işləməyə məcbur etməsi idi. Beşillik planı vaxtından əvvəl yerinə yetirmək cəhdi bu faciəni şərtləndirən əsas amil kimi qiymətləndirilir.

Faciədən cəmi 40 gün əvvəl “Bakı fəhləsi” qəzeti yazırdı:
“Onlar Oktyabr inqilabının 40 illiyinə qədər quyunu təhvil verməyi planlaşdırırlar. Yağışda, küləkdə, soyuq və fırtınalı günlərdə də neftçilər dayanmadan çalışırlar.”
Həmin dövrdə mətbuat təhlükəsizlik qaydalarının pozulmasını deyil, “işi mümkün və lazım olandan da tez görmək” istəyi ilə fəxr edir, bunu qəhrəmanlıq kimi təqdim edirdi.

Mixail Kaveroçkinə ölümündən sonra “Sosialist Əməyi Qəhrəmanı” fəxri adı verildi. Həlak olan neftçilərin xatirəsini əbədiləşdirmək məqsədilə 1999-cu ildə Neft Daşlarında abidə ucaldıldı.

Bu hadisə Xəzərin təkcə neft deyil, insan həyatı da tələb etdiyini acı şəkildə xatırladan ən faciəvi səhifələrdən biri kimi tarixdə qalır.

Dəniz

Reklam