Türkiyə Ermənistanla sərhədi bu tarixdə açacaq

Türkiyə Ermənistanla sərhədi bu tarixdə açacaq

Siyasət 27.12.2025 15:30 64

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində yeni detallər ortaya çıxıb.

Az24.az xəbər verir ki, Ermənistanın “Hraparak” nəşrinin yaydığı məlumata əsasən, Ankara 1 yanvar 2026-cı ildən etibarən Türkiyə–Ermənistan sərhədini yalnız üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün qismən açmağa hazırdır.

Qəzet yazır ki, Türkiyənin normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç ABŞ tərəfinin təsiri fonunda Yerevana sərhədin mərhələli şəkildə açılmasını nəzərdə tutan təkliflər paketi təqdim edib. Lakin bu mərhələdə sərhədin yük daşımaları üçün bağlı qalacağı bildirilir.

Məlumata görə, Ankara Ermənistanın ticarət ehtiyacları üçün alternativ variant kimi malların Gürcüstan üzərindən tranzitini təklif edib. Bu isə sərhədin tam iqtisadi fəaliyyətə açılmasının hələ gündəmdə olmadığını göstərir.

Bununla yanaşı, Türkiyə diplomatik münasibətlərin bərpasını əhatə edən xüsusi protokol da hazırlayıb. Ancaq sənədin imzalanması üçün qeyri-adi şərt irəli sürülüb: protokolu imzalamaq məqsədilə Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfər etməsi tələb olunur. Halbuki beynəlxalq praktikada bu cür sənədlər, adətən, xarici işlər nazirləri səviyyəsində imzalanır.

Məlumatda qeyd olunur ki, bu şərt rəsmi İrəvanda əlavə müzakirələrə səbəb olub və prosesin necə davam edəcəyi hələlik açıq qalır.

Dəniz

Reklam