Tarixi dəyişdirən tibb bacısı – Florens Neytingolun əfsanəvi həyat hekayəsi

Tarixi dəyişdirən tibb bacısı – Florens Neytingolun əfsanəvi həyat hekayəsi

Maraqlı 28.12.2025 21:00 27

Tarixin ən məşhur tibb bacısı… Onu uzun illər sadəcə şəfqətli bir yardımçı kimi tanıdılar. Halbuki o, əslində ölümlə mübarizə aparan bir riyaziyyat dahisi idi.

XIX əsrin əvvəllərində qadınlar üçün həyatın sərhədləri dar idi. Onlardan gözlənilən ailə qurmaq, sakit və itaətkar həyat sürmək idi. Lakin 1820-ci il may-ın 12-də dünyaya gələn Florens Neytingol bu sərhədləri dağıtmağa qərarlı idi. Zəngin və nüfuzlu ailədə böyüməsinə baxmayaraq, onu rahat həyat deyil, insan ağrısı düşündürürdü.

Təhsilini evdə alan Florens həm klassik biliklər, həm də riyaziyyat və statistikaya maraq göstərirdi. O dövrdə qadınların tibb sahəsinə girişi nadir idi, amma Neytingol üçün bu heç də maneə olmadı.

illərindən etibarən xəstələrə və kasıblara qarşı xüsusi həssaslıq göstərən Florens tibb bacısı olmağın öz taleyi olduğuna inanırdı. Ailəsinin etirazlarına baxmayaraq, o, bu yolu seçdi.

İyirmi yaşında ikən cəmiyyət üçün yararlı bir şəxs olmaq arzusunu ifadə edən gənc qız gündəliyində belə bir qeyd yazıb: “Tanrı mənimlə danışdı və məni xidmətinə çağırdı. İnsanlara xidmət etməyin ən doğru yolunun tibb bacısı olmaqdan keçdiyinə qərar verdim”.

1854-cü il Krım müharibəsi. İngiltərə ordusunun xəstəxanaları dəhşətli vəziyyətdə idi. Cəbhədən gətirilən yaralı əsgərlər güllədən deyil, çirkabdan, infeksiyalardan və baxımsızlıqdan ölürdülər. Məhz bu məqamda Florens Neytingol könüllü tibb bacıları ilə birlikdə müharibə bölgəsinə yollandı.

Florens ilk gündən qaydaları dəyişdi: təmizlik təmin olundu, palatalar havalandırıldı, qidalanma yaxşılaşdırıldı, xəstələr sistemli şəkildə izlənməyə başladı. Gecələr isə əlində çıraqla palataları gəzərək yaralıların yanında dayanırdı. Əsgərlər onu “Çıraq daşıyan qadın” adlandırdılar. O, ölən əsgərlərin qeydlərini apardı, məlumatları topladı və statistik məlumatları analiz etdi.

Neytingol tarixin ilk “Məlumatın vizual təqdimatı” texnikalarından birini (Gül Diaqramı) istifadə edərək sübut etdi ki, əsgərləri öldürən düşmən deyil, mikroblar və natəmizlikdir. Onun araşdırmaları səhiyyədə əsl təmizlik inqilabının başlanğıcı oldu.

Gördüyü tədbirlər nəticəsində xəstəxanalarda ölüm göstəricisi 42 faizdən 2 faizə qədər azaldı. Bu, dövrü üçün inanılmaz bir nəticə idi.

İnsanlar ilk dəfə başa düşdü ki, şəfqət və gigiyena bəzən ən güclü dərmandır.

Tibb bacılığını peşəyə çevirən qadın

Florens Neytingol müharibədən sonra da dayanmadı. O, xəstəlik və ölüm səbəblərini araşdırmaq üçün statistik məlumatlar topladı, qrafiklər hazırladı və hökumətə təqdim etdi. Onun elmi yanaşması tibb sistemində islahatlara yol açdı.

1860-cı ildə Londonda ilk peşəkar tibb bacılığı məktəbini yaratdı. Bu məktəb tibb bacılığını sadəcə yardım işi deyil, ciddi bir peşə kimi formalaşdırdı. Bu gün dünyanın hər yerində fəaliyyət göstərən tibb bacılığı sistemi məhz onun ideyaları üzərində qurulub.

Ölməz miras

Florens Neytingol 1910-cu ildə bu dünyaya vida etdi. Amma onun adı tarixdən silinmədi. O, təkcə minlərlə insanın həyatını xilas etmədi, həm də insanlığa qayğının, mərhəmətin və peşəkarlığın nə demək olduğunu göstərdi.

1974-cü ildən mayın 12-i Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur. Mərhəmətli peşə sahiblərini birləşdirən Tibb Bacılarının Beynəlxalq Məsləhət Şurası həmin günü məşhur ingilis Florens Haytingelin ad günü şərəfinə təsis edib. Hazırda həmin təşkilat öz ətrafında dünyanın 130 milli assosiasiyasından 27 milyon tibb bacısını birləşdirir.

Dəniz

Reklam