Süni intellekt zehnimizdəki məlumatları mətnə çevirə biləcək

Süni intellekt zehnimizdəki məlumatları mətnə çevirə biləcək

Texnologiya 11.12.2025 23:28 13

Yaponiyada bir neyrobilimçi beyin görüntüləmə üsullarını süni intellektlə birləşdirərək insanların zehnindəki görüntüləri izahlı cümlələrə çevirə bilən yeni bir texnika hazırlayıb.

“Science Advances” jurnalında dərc olunan araşdırmanın müəllifi Tomoyasu Horikawa bildirib ki, düşüncəni mətnə çevirmə sahəsində uzun müddətdir irəliləyiş olsa da, beynimizdə yaranan mürəkkəb görüntüləri mənalı dilə çevirmək hələ də çətin bir problemdir.

CNN-in məlumatına görə, Horikawa-nın “zehin altyazısı” adlandırdığı yeni üsul, beyində obyektlər, məkanlar, hərəkətlər və hadisələr haqqında yaranan vizual məlumatları süni intellekt vasitəsilə çözərək açıqlayıcı mətnlərə çevirir. Bu texnologiya təkcə sözləri təxmin etmir, həm də görüntünün kontekstini, əlaqələrini və detalları da şərh edə bilir.

NTT Kommunikasiya Elmləri Laboratoriyalarında çalışan Horikava yaşı 22–37 arasında dəyişən, ana dili yapon dili olan dörd kişi və iki qadının beyin aktivliyini araşdırıb. Onlara səs olmayan və hər biri təxminən 1 saniyə davam edən 2.180 qısa video göstərilib. Videolarda müxtəlif obyektlər, səhnələr və insan hərəkətləri yer alırdı.

Araşdırmada videolara baxarkən ölçülən beyin siqnalları süni intellekt modellərinə ötürülərək “kod çözücü” adlı sistemlə rəqəmsal formaya çevrilib. Daha sonra bu kod çözücülər, iştirakçılar yeni — yəni təlimdə istifadə olunmayan — videolara baxanda və ya onları xatırlayanda yaranan beyin siqnallarını çözmək üçün tətbiq olunub.

Kod çözücülərin hasil etdiyi məlumatlar ikinci bir alqoritmə ötürülüb və bu alqoritm həmin beyin aktivliyinə uyğun cümlələr yaradıb. Beləliklə, iştirakçıların gördüyü və ya xatırladığı görüntülər süni intellekt tərəfindən mətinə çevrilə bilib.

Alimlərə görə bu texnologiya danışma qabiliyyəti zədələnmiş insanlar üçün yeni ünsiyyət imkanı yarada bilər. Afaziya, ALS və danışmanı çətinləşdirən digər nevroloji xəstəliklərdə xəstələrin düşüncələrini ifadə etməsinə kömək edə bilər. Mütəxəssislər həmçinin bu üsulun danışıqda çətinlik yaşayan autizmli şəxslər üçün də böyük potensial daşıdığını bildirirlər.

Dəniz

Reklam