Sağlığınız üçün idmandan daha vacibdir – ARAŞDIRMA

Sağlığınız üçün idmandan daha vacibdir – ARAŞDIRMA

Sağlamlıq 09.12.2025 16:30 39

Yeni aparılan bir araşdırmaya görə, sağlamlıq üçün ən vacib amil müəyyən edilib.

Az24.az xəbər verir ki, tədqiqat göstərib ki, ümumi sağlamlıq baxımından yuxu, idmandan daha kritik rol oynaya bilər.

Alimlər dünyanın müxtəlif ölkələrindən 70 mindən çox insanın məlumatlarını araşdıraraq insanların əksərinin həm kifayət qədər yatmağı, həm də tövsiyə olunan fiziki aktivlik səviyyəsini eyni anda təmin edə bilmədiyini müəyyən ediblər.

Araşdırma “Communications Medicine” jurnalında dərc olunub və 3,5 il boyu şəxsi izləmə cihazları vasitəsilə toplanan məlumatların təhlilinə əsaslanır. Nəticələrə görə, iştirakçıların cəmi təxminən 13%-i tövsiyə olunan gündə 7–9 saat yuxu və 8 min addım hədəfini müntəzəm şəkildə yerinə yetirə bilib.

Flinders Universitetinin yuxu sağlamlığı üzrə tədqiqatçısı və araşdırmanın əsas müəllifi Coş Fitton bu göstəricinin düşündürücü olduğunu qeyd edərək bildirib: “Həm tövsiyə edilən yuxu, həm də fiziki aktivlik səviyyələrinə hər gün çata bilən insanların sayı son dərəcə azdır.” O, sağlamlıq üzrə tövsiyələrin real həyatda nə dərəcədə tətbiq oluna bildiyinə yenidən baxmağın vacibliyini vurğulayıb.

Tədqiqatın diqqət çəkən digər nəticəsi isə insanların böyük bir hissəsinin ya yalnız yetərli qədər yatdığı, ya da sadəcə aktiv həyat sürdüyü, lakin hər iki göstəriciyə eyni anda çata bilmədiyidir.

İştirakçıların təxminən 17%-i gündə orta hesabla 7 saatdan az yatır və 5 min addımdan az hərəkət edir. Mütəxəssislər bu qrupu “oturaq həyat tərzi keçirənlər” kimi xarakterizə edir və onların xroniki xəstəliklər, çəki artımı və psixoloji problemlər baxımından daha yüksək risk daşıdığını bildirirlər.

Araşdırma həmçinin yuxu ilə fiziki aktivlik arasındakı əlaqəni də üzə çıxarıb. Belə ki, gecə orta hesabla 6–7 saat yatan şəxslər ertəsi gün ən çox addım atan qrup kimi müəyyən edilib. Bu isə yuxu keyfiyyətinin fiziki aktivliyə birbaşa təsir etdiyini göstərir.

Araşdırmanın aparıcı müəllifi, Flinders Universitetinin professoru Denni Eckert deyib: “Yuxuya üstünlük vermək enerji, motivasiya və hərəkət qabiliyyətini artırmağın ən təsirli yolu ola bilər.” O, yuxu rejimini yaxşılaşdırmaq üçün ekran qarşısında keçirən vaxtı azaltmaq, sabit yatma-durma saatları müəyyənləşdirmək və sakit mühit yaratmaq kimi sadə addımların böyük fayda verə biləcəyini əlavə edib.

Bununla belə, araşdırmanın bəzi məhdudiyyətləri də var. Məlumatlar şəxsi izləmə cihazlarından əldə edildiyinə görə, nəticələrin ümumiləşdirilməsi məhdud ola bilər. Çünki bu tip cihazlar əsasən yüksək gəlirli ölkələrdə daha geniş istifadə olunur.

Mütəxəssislər vurğulayırlar ki, gərgin həyat temposunda öncəliyi yuxuya vermək vacibdir. Vaxt çatışmazlığı yaşayan insanların ilk növbədə yuxu nizamını düzəltməsi daha sağlam və aktiv həyat üçün atılacaq ən təsirli addımlardan biri ola bilər.

Dəniz

Reklam