Ronaldo gələcəyi ilə bağlı danışdı: 1000 qol hədəfindən vaz keçmir

Ronaldo gələcəyi ilə bağlı danışdı: 1000 qol hədəfindən vaz keçmir

İdman 29.12.2025 20:48 11

Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo “Globe Soccer Awards” mükafatlandırma mərasimində gələcəyi ilə bağlı açıqlamalar verib.

AZ24.az xəbər verir ki, “BBC Sport”a müsahibəsində 40 yaşlı portuqaliyalı ulduz futbolu nə vaxt bitirəcəyi ilə bağlı dəqiq tarix açıqlamasa da, hələ də yüksək motivasiyaya malik olduğunu və 1000 qol hədəfinə çatmaq istədiyini bildirib.

Ronaldo karyerasını nə zaman başa vuracağı ilə bağlı suala, “Davam etmək çətindir, amma hələ də motivasiyam var” cavabını verib.

O, futbola olan sevgisinin dəyişmədiyini vurğulayaraq oynamağa davam etmək istədiyini qeyd edib:

“Tutqum hələ də çox yüksəkdir. Orta Şərqdə və ya Avropada oynamağım fərq etməz. Futboldan zövq alıram, kuboklar qazanmaq istəyirəm və hamının bildiyi o rəqəmə – 1000 qola çatmaq istəyirəm. Əgər ciddi zədə almazsam, buna mütləq nail olacağam”, – deyə Ronaldo bildirib.

Kriştiano Ronaldo hazırda “Əl-Nəsr” forması ilə uğurlu çıxışını davam etdirir. Bu mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasında keçirdiyi 10 oyunda 12 qol vuran ulduz futbolçu bombardirlər siyahısında ön sıralarda yer alır. Ronaldo “Əl-Nəsr” karyerası ərzində bütün turnirlərdə 125 oyunda 112 qol vurub. Təcrübəli hücumçunun ümumi karyera qollarının sayı 956-ya çatıb. Beləliklə, tarixi 1000 qol hədəfinə çatmaq üçün onun 44 qola ehtiyacı var.

Qeyd edək ki, Ronaldo həm fərdi statistikası, həm də liderliyi ilə hələ də dünya futbolunun əsas simalarından biri olaraq qalır.

Reklam