Qəzaya uğrayan C-130 təyyarəsi ilə bağlı həqiqət bu həftə üzə çıxacaq

Qəzaya uğrayan C-130 təyyarəsi ilə bağlı həqiqət bu həftə üzə çıxacaq

Dünya 17.11.2025 11:39 15

Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus C-130 tipli hərbi-nəqliyyat təyyarəsinin “qara qutu”ları üzərində aparılan təhlilin bu həftə tamamlanacağı gözlənilir.

Az24.az xəbər verir ki, məlumatı hökumətə yaxın tanınmış köşə yazarı Abdulkadir Selvi “Hürriyet” qəzetinə açıqlayıb.

Onun sözlərinə görə, istintaq çərçivəsində “qara qutu”larda qeydə alınmış 180-dən çox texniki parametr diqqətlə araşdırılır. Analizin həftənin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Selvi bildirib ki, qəza yerindən əldə edilən ilkin məlumatlar xarici müdaxilə ehtimalının çox zəif olduğunu göstərir. Bununla belə, digər versiyalar kimi bu ehtimal da tam şəkildə istisna edilmir.

Ankaradakı TUSAŞ müəssisəsində xüsusi texniki qrup artıq qutuların açılması və məlumatların deşifrə olunması üzərində işləyir. Birinci “qara qutu” pilotların öz aralarında və dispetçerlə danışıqlarını, eləcə də düşmə anına aid audioyazıları əks etdirir. İkinci “qara qutu” isə bort sistemlərinin fəaliyyət parametrlərini qeydə alır və hazırda məhz bu məlumatlar təhlil mərhələsindədir.

Xatırladaq ki, 11 noyabr 2025-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsi Gəncə beynəlxalq hava limanından havaya qalxdıqdan qısa müddət sonra Gürcüstanın, Azərbaycan sərhədinə yaxın bölgəsində qəzaya uğramış, hadisə nəticəsində təyyarədə olan 20 nəfərin hamısı həlak olmuşdu.

Reklam