Prezident 3 fərman imzaladı

Prezident 3 fərman imzaladı

İqtisadiyyat 29.12.2025 15:17 39

“Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.

Az24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı” (bundan sonra – Milli Fəaliyyət Planı) təsdiq edilib.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi:

Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməlidir:

Milli Fəaliyyət Planının icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

***

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti təkmilləşdirilir.

Az24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərə, habelə bələdiyyələrə qrant verə bilən qurumlar, həmçinin Azərbaycan Gənclər Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməni “bir pəncərə” prinsipi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirəcəklər.

Eyni zamanda fərmanla “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sistemi yaradılır. Sistemin sahibi və operatoru funksiyalarını QHT-lərə Dövlət Dəstəyi Agentliyi həyata keçirəcək.

Nazirlər Kabineti qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini və sistemin əsasnaməsinin layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

***

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsi təsdiqlənib.

Az24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin gəlirləri 13 032 340,5 min manat, xərcləri isə 13 016 021,6 min manat məbləğində təsdiq edilməlidir.

***

“İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi” haqqında qanunu təsdiqlənib.

Az24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Qanuna əsasən, İşsizlikdən sığorta fondunun (İSF) 2026-cı il üzrə xərcləri 266 400 000,0 manat məbləğində təsdiq ediləcək.

Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılar olacaq:

– işsizlikdən sığorta fondunun 2026-cı il büdcəsinin gəlirləri 238 300 000,0 manat;

– işsizlikdən sığorta fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 28 100 000,0 manat.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Reklam