Prezident 1 sərəncam, 1 fərman imzaladı
Prezident İlham Əliyev “Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə dövlət başçısına məlumat verməli, icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planı və bu kimi digər sənədlərin Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Strategiyada nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsi layihəsinin tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidir.
***
Azərbaycan Biznesinin İnkişafı Fondu Açıq Səhmdar Cəmiyyətinə çevrilib.
Az24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Fond ASC-yə çevrilmə yolu ilə yenidən təşkil edilib, eləcə də onun Nizamnaməsi təsdiqlənib. “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC eyni adlı publik hüquqi şəxsin hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.
Cəmiyyət iqtisadiyyatın qeyri-neft/qaz sektorunun inkişafını dəstəkləyən, sahibkarlığın maliyyə təminatını gücləndirən və investisiyaların təşviqini təmin edən dövlətə məxsus kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərəcək. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi 5 üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək, cari idarəetmə isə sədr və 4 müavinindən ibarət İdarə Heyəti tərəfindən təmin ediləcək.
Fərmanla Cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə, İqtisadiyyat Nazirliyinə və Müşahidə Şurasına bölünüb. Dövlət qeydiyyatına alınana qədər Fond fəaliyyətini publik hüquqi şəxs kimi davam etdirəcək.
Fərmanda Azərbaycan Biznesinin İnkişafı Fondunun nizamnaməsi təsdiq olunub, bəzi mövcud fərman və sərəncamlarda dəyişikliklər edilib, dövlət əmlakının qorunması və istifadəsi ilə bağlı normativ hüquqi tədbirlər gücləndirilib.
Fərman həmçinin, Fondun vəsaitindən istifadə qaydalarında yenilikləri, qeyri-neft/qaz sahələrində maliyyələşmə mexanizmlərinin tətbiqini və digər təşkilati məsələləri əhatə edir.
Reklam
Oxşar xəbərlər
Azərbaycanda bu şəxslərə avtomobil veriləcək
Toy karvanında “avtoş”luq edənlər həbs olundu – FOTO