Nərgiz Məhəmmədi yenidən saxlanıldı

Nərgiz Məhəmmədi yenidən saxlanıldı

Siyasət 13.12.2025 12:34 37

Güney azərbaycanlı hüquq müdafiəçisi, Sülh üzrə Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi İranda saxlanılıb.

Az24.az-ın məlumatına görə, bu barədə Nərgiz Məhəmmədinin Fondu “X” sosial şəbəkəsində paylaşım edib.

Bildirilir ki, o, tanınmış hüquq müdafiəçisi və vəkil Xosrov Əlikordini anma mərasimi zamanı saxlanılıb.

Məlumata əsasən, Nərgiz Məhəmmədi ilə yanaşı, Məşhəd şəhərində daha bir neçə ictimai fəal da təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Saxlanılan şəxslərin hansı səbəbdən tutulduğu barədə rəsmi açıqlama verilməyib. İran hakimiyyəti məsələ ilə bağlı hələlik mövqe bildirməyib.

Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. O, insan hüquqlarının müdafiəsi istiqamətindəki fəaliyyətinə görə ümumilikdə 36 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və bunun 10 ilini həbsxanada keçirib. 2024-cü ilin dekabrında səhhəti ilə əlaqədar ona 21 günlük məzuniyyət verilib, daha sonra bu müddət altı ayadək uzadılıb.

Nərgiz Məhəmmədi qadınlara qarşı zorakılığa qarşı mübarizəsi, eləcə də insan hüquq və azadlıqlarının qorunması istiqamətində apardığı fəaliyyətə görə 2023-cü ildə Sülh üzrə Nobel mükafatına layiq görülüb.

Reklam