Müasir avtomobillərdə USB portları və risklər

Müasir avtomobillərdə USB portları və risklər

Avto 24.01.2026 21:52 10

Adi fleşkart təsiri bağışlayan, lakin əslində elektron qurğuları sıradan çıxarmaq üçün hazırlanmış “USB Killer” adlı cihaz son illər ciddi təhlükə mənbəyi kimi müzakirə olunur. Bu qurğu zahirən adi USB yaddaş daşıyıcısına bənzəsə də, qoşulduğu cihazın elektron sxemlərinə yüksək gərginlik impulsları ötürərək onları qısa zamanda yararsız hala sala bilir.

USB Killer nədir və necə işləyir?

USB Killer daxilində kondensatorlar yerləşir. Qurğu USB portuna qoşulduqda bu kondensatorlar enerji yığır və sonra həmin enerjini qəfil şəkildə geri ötürür. Nəticədə cihazın ana platası, idarəetmə mikrosxemləri və digər həssas elektron komponentləri yanır. Əksər hallarda bu cür zədələr tam bərpa olunmur və qurğunun dəyişdirilməsi tələb olunur.

Təhlükə təkcə kompüterlərlə məhdudlaşmır

Əvvəllər USB Killer əsasən kompüterlər və noutbuklar üçün təhlükə hesab olunurdusa, bu gün risk dairəsi xeyli genişlənib. Müasir avtomobillərin böyük əksəriyyətində USB çıxışları mövcuddur.

Bu portlar:

-telefonların enerji ilə təmin olunması,

-Android Auto və Apple CarPlay sistemlərinə qoşulma,

-musiqi və media fayllarının oxudulması üçün istifadə olunur.

Sürücülər bu portları adətən təhlükəsiz hesab edir. Lakin USB Killer avtomobilin USB girişinə qoşulduqda, multimedia sistemi, bort kompüteri, hətta bəzi hallarda avtomobilin ümumi elektron idarəetmə blokları zərər görə bilər. Bu isə bahalı təmir xərcləri ilə nəticələnə bilər.

USB Killer necə avtomobilə düşə bilər?

Risk əsasən aşağıdakı hallarda yaranır:

-tanımadığınız şəxsin verdiyi USB qurğunu avtomobilə qoşduqda;

-tapılmış fleşkartdan istifadə etdikdə;

-ucuz və naməlum mənşəli aksessuarlardan yararlandıqda.

Bəzi hallarda bu cür qurğular zarafat və ya “təcrübə” adı altında, bəzən isə qəsdən zərər vermək məqsədilə istifadə olunur.

Qarşısını necə almaq olar?

Mütəxəssislər sürücülərə bir neçə əsas tövsiyə verirlər:

-Yalnız özünüzə məxsus və etibarlı USB kabellərdən və yaddaş qurğularından istifadə edin.

-Tanımadığınız mənbədən olan fleşkartları avtomobilə və ya kompüterə qoşmayın.

-Mümkünsə, avtomobildə yalnız enerji ötürən (data ötürməyən) USB adapterlərdən istifadə edin.

-Multimedia sisteminin proqram təminatını rəsmi servis vasitəsilə yeniləyin.

Dəniz

Reklam