az24.az saytı 06.02.2026-ci il tarixindən etibarən, fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır.
Maşın aşağı sürətdə niyə sönür? – Səbəblər və çıxış yolları

Maşın aşağı sürətdə niyə sönür? – Səbəblər və çıxış yolları

Avto 05.02.2026 20:03 2477

Avtomobilin aşağı sürətdə, xüsusən də svetoforda dayananda, tıxacda irəliləyərkən və ya boş gedişdə sönməsi sürücülərin ən çox rastlaşdığı və eyni zamanda ən narahatedici problemlərdən biridir. Bu cür nasazlıq təkcə komfortu pozmur, həm də mühərrik və yanacaq sistemində daha ciddi problemlərin xəbərçisi ola bilər. Problemin kökündə adətən mühərrikə daxil olan hava, yanacaq və alışma sistemləri arasındakı tarazlığın pozulması dayanır.

Boş gediş klapanının (IAC) çirklənməsi və ya sıradan çıxması

Boş gediş klapanı mühərrikin qaz verilmədən işlədiyi zaman hava axınını tənzimləyir. Bu detal çirkləndikdə və ya sıradan çıxdıqda mühərrik lazımi hava miqdarını ala bilmir. Nəticədə dövrlər aşağı düşür və maşın dayananda sönür. Xüsusilə köhnə avtomobillərdə bu problem daha tez-tez baş verir. Çox vaxt sadə təmizləmə problemi aradan qaldırır, lakin bəzən klapanın dəyişdirilməsi zəruri olur.

Drossel qapağının çirkli olması

Drossel qapağı mühərrikə daxil olan havanın əsas “qapısı”dır. Vaxt keçdikcə üzərində yağ, his və toz qatları yığılır. Bu çirk hava axınını məhdudlaşdırır və mühərrik aşağı dövrlərdə sabit işləyə bilmir. Xüsusən qazdan ayağı çəkəndə və ya yavaş hərəkətdə bu problem özünü sönmə şəklində göstərir. Drossel qapağının xüsusi məhlullarla təmizlənməsi mühərrikin işini xeyli stabilləşdirir.

Yanacaq filtrinin tutulması

Yanacaq filtri mühərriki çirkli benzindən qoruyur. Lakin filtr vaxtında dəyişdirilmədikdə tıxanır və mühərrikə gedən yanacağın həcmi azalır. Yüksək sürətdə problem hiss olunmaya bilər, amma aşağı sürətdə və boş gedişdə mühərrik yanacaq çatışmazlığı səbəbindən sönür. Bu, həm də benzin nasosunun daha tez sıradan çıxmasına səbəb ola bilər.

Benzin nasosunun zəifləməsi

Benzin nasosu yanacağı çəndən mühərrikə müəyyən təzyiq altında ötürür. Nasos zəiflədikdə bu təzyiq normadan aşağı düşür. Aşağı sürətdə və dayanma anlarında mühərrik kifayət qədər yanacaq ala bilmədiyi üçün sönür. Bu problem adətən səhərlər maşını işə salarkən çətinliklə özünü göstərməyə başlayır.

Şamlar və yüksək gərginlikli kabellərin nasazlığı

Şamlar və kabellər yanacaq-hava qarışığının alışmasına cavabdehdir. Köhnə və ya keyfiyyətsiz şamlar qığılcımı zəiflədir. Nəticədə mühərrik xüsusən aşağı dövrlərdə titrəyir və sönür. Kabellərdə izolyasiya problemi olduqda isə qığılcım itir və mühərrik qeyri-sabit işləyir. Bu detalın vaxtında dəyişdirilməsi mühərrikin işini xeyli yaxşılaşdırır.

Hava axını sensorlarının (MAF və MAP) nasazlığı

MAF və MAP sensorları mühərrikə daxil olan havanın miqdarını ölçərək kompüterə ötürür. Sensor səhv məlumat göndərdikdə elektron idarəetmə bloku yanacaq miqdarını düzgün hesablaya bilmir. Bu isə qarışığın ya çox kasad, ya da çox zəngin olmasına gətirib çıxarır. Aşağı sürətdə bu balanssızlıq mühərrikin sönməsi ilə nəticələnir.

Vakuum hortumlarında hava sızması

Mühərrikdə çoxlu vakuum hortumları mövcuddur. Onlardan biri çatladıqda və ya yerindən çıxdıqda mühərrik əlavə hava alır. Bu “yalançı hava” qarışığı pozur və mühərrikin boş gedişdə stabilliyini azaldır. Adətən belə hallarda maşın titrəyir və tez-tez sönür.

EGR klapanının ilişib açıq qalması

EGR klapanı işlənmiş qazların bir hissəsini yenidən mühərrikə qaytarır. Bu sistem yüksək sürətlər üçün nəzərdə tutulub. Klapan aşağı sürətdə açıq qalarsa, mühərrik “boğulur” və sönür. Bu problem xüsusən şəhər içi sürüşlərdə özünü daha qabarıq göstərir.

Elektron idarəetmə blokunda (ECU) nasazlıq

Bəzən problem mexaniki deyil, elektron olur. ECU-da səhvlər və ya proqram pozuntuları mühərrikin işini qeyri-sabit hala gətirə bilər. Bu halda yalnız kompüter diaqnostikası dəqiq səbəbi ortaya çıxara bilər.

Dəniz

Reklam