Liderlər İlham Əliyevi təbrik etdi

Liderlər İlham Əliyevi təbrik etdi

Siyasət 19.12.2025 18:50 20

Çin Xalq Respublikasının Sədri Si Szinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZ24.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Məqsədyönlü rəhbərliyimizlə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətləri sürətlə inkişaf edir, ölkələrimiz arasında qarşılıqlı siyasi etimad daim möhkəmlənir, ikitərəfli faydalı əməkdaşlıq durmadan inkişaf edir və beynəlxalq səviyyədə fəaliyyət səmərəli şəkildə reallaşdırılır.

Bu il ərzində Sizinlə iki dəfə görüşmüşük, əldə etdiyimiz mühüm razılaşmalar səmərəli və hərtərəfli şəkildə həyata keçirilir.

Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Hər iki ölkənin xalqlarının rifahı naminə hərtərəfli əməkdaşlıqda yeni nəticələr əldə etmək üçün Sizinlə birlikdə çalışmağa hazıram.

Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram”.

***

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Əminəm ki, bu il Siz bayramınızı xüsusi əhvali-ruhiyyə ilə qarşılayırsınız. Sizin siyasi müdrikliyiniz və möhkəm iradəniz sayəsində Azərbaycan Respublikası qarşıya qoyulmuş məqsədlərə nail olaraq beynəlxalq nüfuzunu inamla artırır.

Belarusda ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinə, həmçinin müxtəlif sahələrdə dövlətlərarası əməkdaşlığın ardıcıl inkişafına xüsusi əhəmiyyət verilir.

Çoxtərəfli platformalarda etimada əsaslanan təmasları və qarşılıqlı dəstəyi, eləcə də Belarus-Azərbaycan dialoqunun bütün səviyyələrdə dərinləşdirilməsinə göstərdiyiniz diqqəti yüksək qiymətləndirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə yeni nailiyyətlər arzulayıram”.

***

Ukraynanın Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Çox hörmətli cənab Prezident.

Zati-alinizin doğum günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Sizin liderliyiniz sayəsində Azərbaycan müasir və uğurlu bir dövlətə çevrilmiş, beynəlxalq aləmdə öz rolunu və nüfuzunu inamla gücləndirərək, dövlət üçün mühüm nəticələrə, o cümlədən ərazi bütövlüyünün bərpasına və möhkəmləndirilməsinə nail olmuşdur.

Xalqlarımızın dostluğunun və Ukrayna ilə Azərbaycan arasında qarşılıqlı dəstəyə, beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlığın möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti kimi Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm.

Bu tərəfdaşlıq Qara dəniz-Xəzər regionunda ədalətli sülhə nail olmaq niyyətinə, eləcə də enerji, iqtisadi-ticari, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət edir.

Ukrayna Rusiya Federasiyasının silahlı təcavüzü şəraitində göstərilən həmrəylik və praktiki dəstəyə görə Sizə və Azərbaycan xalqına dərin minnətdarlığını bildirir. Xüsusilə ölkənin enerji sistemi obyektlərinin fəaliyyətinin təmin edilməsi məqsədilə göstərilən humanitar yardım, Kiyev vilayətində işğaldan azad edilmiş İrpin şəhərinin yenidən qurulmasında iştirak, cəbhəyanı regionlardan olan ukraynalı uşaqların sağlamlığının bərpası və reabilitasiyası yüksək dəyərləndirilir.

Zati-aliləri cənab Prezident, icazə verin, Sizi bir daha ürəkdən təbrik edim, Sizə möhkəm cansağlığı və dövlətçilik fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, rifah və tərəqqi arzulayım”.

***

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm. Bu xoş fürsətdən istifadə edərək, birgə səylərimiz nəticəsində Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın və çox yaxşı münasibətlərin gələcəkdə də fəal şəkildə inkişaf edəcəyinə və dərinləşəcəyinə əminliyimi bildirirəm.

Son bir neçə ildə hər dəfə konstruktiv və dostluq mühitində keçən, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatlarda strateji münasibətlərin, səmərəli əlaqələrin, fəal siyasi dialoqun genişlənməsinin təsdiqləndiyi görüşlərimizi məmnuniyyətlə xatırlayıram.

Ümid edirəm ki, Veliko Tırnovo şəhərində Sizinlə birlikdə böyük səylər göstərdiyimiz Şuşa parkının açılışı ilə əlaqədar Bolqarıstana uzun müddət gözlənilən səfəriniz ölkəmizdəki mövcud siyasi böhrandan asılı olmayaraq 2026-cı ildə baş tutacaqdır.

Sizin şəxsi diqqətiniz və iştirakınız sayəsində ötən il uğurla keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) sonra 2026-cı ildə Azərbaycanda ilk dəfə olaraq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil ediləcək zirvə toplantısında da ölkələrimiz arasında ən yüksək səviyyədə dialoqu davam etdirməyə hazıram.

Sizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətli cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizin müdrik rəhbərliyinizlə qardaş Azərbaycan dövlətçiliyin möhkəmləndirilməsində, beynəlxalq nüfuzunun yüksəldilməsində və xalqın rifahının yaxşılaşdırılmasında əhəmiyyətli uğurlar qazanıb.

Böyük məmnunluqla qeyd etmək istərdim ki, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma kimi möhkəm prinsiplərə əsaslanan Türkmənistan-Azərbaycan münasibətləri son zamanlar yeni vüsət alıb.

Bu münasibətlər yüksək səviyyədə qarşılıqlı etimad və anlaşma ilə fərqlənir ki, bu da dövlətlərimizin gələcək uğurlu inkişafı üçün möhkəm təməl rolunu oynayır.

Bu xoş fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, davamlı tərəqqi və firavanlıq arzulayıram”.

***

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz ölkənizin mənafeyi naminə xalqınızın və dahi atanızın gözləntilərini layiqincə doğruldursunuz.

Uzaqgörən siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq nüfuzu artmış, regionda sülh və qarşılıqlı etimadın yeni bir mərhələsi formalaşmışdır.

Ölkənizə davamlı rifah və yeni nailiyyətlər arzulayıram.

Aramızda yaranan hörməti xüsusilə yüksək qiymətləndirirəm. Dostluq və hörmət ruhunda keçən bütün görüşlərimizi, söhbətlərimizi həmişə xoş duyğularla yada salıram.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, nəcib təşəbbüslərinizdə müvəffəqiyyət, qardaş Azərbaycan xalqına isə firavanlıq və yeni uğurlar diləyirəm”.

***

Özbəkistan Prezidenti Şövkət Mirziyayev Prezident İlham Əliyevi təbrik edib.

Təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Əziz qardaşım.

Zati-aliləri, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizi əzəli qardaşımız olan Azərbaycan xalqının əsl vətənpərvər və fədakar övladı, müdrik və sədaqətli rəhbəri, dövrümüzün görkəmli dövlət xadimi, beynəlxalq miqyasda yüksək hörmət və nüfuza malik böyük siyasətçi kimi yaxşı tanıyır və yüksək qiymətləndiririk.

İdarəçilik sahəsindəki zəngin bilik və təcrübəniz, uzaqgörən, müdrik və səmərəli siyasətiniz nəticəsində doğma Vətəninizin təkcə ərazi bütövlüyü bərpa olunmayıb, həm də onun beynəlxalq arenadakı mövqeyi və nüfuzu ildən-ilə daha da möhkəmlənib ki, bütün bunlar bizi sonsuz dərəcədə sevindirir.

Bu məqamda Sizin irəli sürdüyünüz mühüm regional və qlobal təşəbbüslərin dünya ictimaiyyəti tərəfindən geniş dəstək görməsini də xüsusi vurğulamaq istərdim.

Dost və qardaş dövlətlərimiz arasında strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi yolundakı böyük xidmətləriniz və qətiyyətli səyləriniz sayəsində qardaşlıq əlaqələrimizin tamamilə yeni keyfiyyət mərhələsinə yüksəldiyini məmnuniyyətlə qeyd edirik.

Hörmətli İlham Heydər oğlu, qarşıya qoyduğumuz ali məqsədlərə çatmaq üçün birgə səylərimiz, ali səviyyədə aparılan fəal və konstruktiv dialoqumuz nəticəsində çoxşaxəli və uzunmüddətli əməkdaşlığımızın qardaş xalqlarımızın ümumi tərəqqisi naminə bundan sonra da səmərəli inkişaf edəcəyinə qəti şəkildə inanıram.

Əziz dostum, həyatınızın bu sevincli və unudulmaz günü münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, ailə səadəti, ölkənizin əmin-amanlığı və rifahı naminə həyata keçirdiyiniz məsuliyyətli dövlətçilik fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı inkişaf arzulayıram”.

Reklam