İqlim dəyişir, allergiyalar artır – Necə qorunaq?

İqlim dəyişir, allergiyalar artır – Necə qorunaq?

Sağlamlıq 29.11.2025 23:50 28

Son aylarda allergiya ilə bağlı müraciətlərin sayı artıb. Mütəxəssislər bunu iqlim dəyişkənliyinin güclənməsi və payız mövsümünün əvvəlki illərə nisbətən daha qeyri-sabit keçməsi ilə əlaqələndirirlər.

Havanın kəskin dəyişməsi, isti-soyuq günlərin ardıcıl gəlməsi, rütubətin yüksək olması və küləyin sürətlənməsi allergik reaksiyaları gücləndirir. Payızın sonuna doğru yarpaq çürüməsi, tozlanma, göbələk və küf sporlarının çoxalması tənəffüs yolları üçün əlavə yük yaradır.

Həkimlər bildirirlər ki, hazırda burun tutulması, göz yaşarması, öskürək, nəfəs darlığı və dəridə qaşınma kimi şikayətlər daha çox müşahidə olunur. Astma xəstələrində tutmaların tezləşməsi də qeydə alınır. Rütubətli hava və qapalı mühitlərdə küf artdığı üçün risk qrupunda olan şəxslər narahatlıqları daha güclü hiss edir.

Payızın sonu və qışa keçid dövrü immun sisteminin zəifləməsi ilə üst-üstə düşdüyü üçün allergik reaksiyalar daha kəskin ola bilər.

Allergiyadan qorunmaq üçün tövsiyələr

-Küləkli havalarda açıq havada uzun müddət qalmaqdan çəkinmək
-Evdə rütubəti azaltmaq və otaqları müntəzəm havalandırmaq
-Xalça və yumşaq mebelləri tez-tez təmizləmək
-Çöldən gəldikdən sonra geyimləri dəyişmək və üz-göz yumaq
-Burunu duzlu su ilə təmizləmək
-Şikayətlər artarsa allergoloqa müraciət etmək

Mütəxəssislər hesab edir ki, iqlim dəyişkənliyi qış aylarında da təsirini göstərəcək və xüsusilə həssas insanların özlərini qoruması vacibdir.

Reklam