Hansı qan qrupu daha risklidir?
Qan qrupu adətən yalnız qan köçürülməsinə ehtiyac yarandıqda xatırlanır. Halbuki son araşdırmalar göstərir ki, qan qrupu sağlamlıq riskləri, infeksiyalara meyillilik və bəzi xəstəliklərlə əlaqə baxımından mühüm ipucları verə bilər. Mütəxəssislərin fikrincə, “ən yaxşı qan qrupu” anlayışı mövcud deyil, lakin hər bir qan qrupunun özünəməxsus üstünlükləri və riskləri var.
Qan qruplarına aid üstünlükləri və riskləri təqdim edirik:
O (I) qan qrupu
Universal donor sayılan O qan qrupuna sahib şəxslərdə infarkt və ağciyər emboliyası riski ən aşağı səviyyədədir. Araşdırmalar göstərir ki, bu qrupda insult riski digər qan qrupları ilə müqayisədə daha azdır. Həmçinin O qan qrupuna malik şəxslərin COVID-19-a yoluxma və ya xəstəliyi ağır keçirmə ehtimalının daha aşağı ola biləcəyi bildirilir.
Bununla yanaşı, bu insanlar norovirusa daha həssasdır, peptik xora riski daha yüksəkdir və zədələnmə və ya əməliyyat sonrası həddindən artıq qanaxma ehtimalı mövcuddur. Araşdırmalar həmçinin göstərir ki, O qan qrupuna sahib qadınlar hamilə qalmaqda çətinlik çəkə, daha az və keyfiyyətsiz yumurtalarla qarşılaşa, hamiləlik dövründə yüksək təzyiq və doğuşdan sonra qanaxma riski ilə üzləşə bilərlər.
A (II) qan qrupu
Geniş yayılmış qan qruplarından biri olan A qrupu mədə və bağırsaqları zədələyən norovirus infeksiyasına yoluxma riskini azalda bilər. Bundan əlavə, ağcaqanadların da daha az üstünlük verdiyi qan qruplarından biri hesab olunur.
Lakin A qan qrupunun “pis” xolesterin səviyyəsinin yüksəkliyi ilə əlaqəli olduğu və bunun infarkt və ürək-damar xəstəlikləri riskini artıra bildiyi qeyd olunur. Bu qrupa sahib şəxslərdə erkən yaşda insult keçirmə və Covid-19-u daha ağır formada yaşama ehtimalının da yüksək olduğu bildirilir. Araşdırmalar A qan qrupuna malik insanlarda mədə və mədəaltı vəzi xərçəngi riskinin daha yüksək olduğunu göstərir. Eyni zamanda bu qrupda kortizol səviyyəsinin yüksək olması səbəbindən stressə meyillilik də daha çox müşahidə olunur.
B (III) qan qrupu
B qan qrupuna sahib insanlarda böyrək daşı riskinin daha aşağı olduğu və gənələr tərəfindən dişlənmə ehtimalının az olduğu bildirilir. Araşdırmalar B qan qrupunun çiçək xəstəliyi və malyariya kimi bəzi patogenlərə qarşı təbii qoruyucu təsir göstərə biləcəyini irəli sürür.
Bu qan qrupu həmçinin mədə və sidik kisəsi xərçəngi riskinin daha aşağı olması, mədə xorasına səbəb olan Helicobacter pylori bakteriyasının orqanizmdə tutunmasını çətinləşdirməsi ilə də fərqlənir.
Digər tərəfdən, B qan qrupuna sahib şəxslərin vərəm və xolera kimi bəzi infeksiyalara daha həssas ola biləcəyi, ürək xəstəlikləri və mədəaltı vəzi xərçəngi riskinin daha yüksək olduğu bildirilir. Eyni zamanda ikinci tip şəkərli diabet və yüksək təzyiq bu qrupda daha tez-tez rast gəlinir.
AB (IV) qan qrupu
AB pozitiv qan qrupuna malik şəxslər bütün qan qruplarından qan ala bilirlər. Bundan əlavə, bu qan qrupu travma və yanıq xəstələrində tez-tez istifadə olunan plazmada universal donor sayıldığı üçün travma mərkəzlərində “maye qızıl” kimi tanınır.
Lakin AB qan qrupunun da müəyyən riskləri mövcuddur. Bu qrupun iltihabla əlaqəli olduğu və bunun damar sağlamlığına mənfi təsir göstərə biləcəyi qeyd olunur. Amerika Ürək Assosiasiyasına görə A, B və xüsusilə AB qan qruplarında 0 qan qrupu ilə müqayisədə qan laxtalanması və infarkt riski daha yüksəkdir. Həmçinin AB qan qrupuna sahib insanlarda mədəaltı vəzi xərçəngi riskinin də artdığı bildirilir.
“Neurology” jurnalında dərc olunan araşdırmaya əsasən, AB qan qrupuna malik şəxslərdə demensiyaya səbəb ola bilən yaddaş problemlərinin yaranma riski də xeyli yüksəkdir.
Dəniz
Reklam
Oxşar xəbərlər
Zeytun yarpağı: Sağlamlıq üçün faydaları və istifadəsi
İbn Sinanın öskürəyi kəsən MÖCÜZƏVİ QARIŞIMI – Ballı şərbət
Badam yağı – Sağlamlıq və gözəllik üçün təbii hədiyyə
Qara zirə nə üçün “şəfa toxumu” adlanır?
Bal, yoxsa bəkməz daha faydalıdır?
Zərdçalın faydaları: Sağlamlıq və gözəllik üçün təbii ədviyyat
Masa arxasında çalışanlar üçün 4 VACİB TÖVSİYƏ
Sağlam yuxunun SİRRİ – Həkimlərdən TÖVSİYƏ