Hakimlərin xidməti vəsiqələri ilə bağlı yeni qaydalar müəyyənləşdi

Hakimlərin xidməti vəsiqələri ilə bağlı yeni qaydalar müəyyənləşdi

Cəmiyyət 23.12.2025 14:23 29

Hakimlərin xidməti vəsiqələrinin forması bundan sonra Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiqlənəcək.

AZ24.az-ın məlumatına görə, bununla bağlı müddəa Milli Məclisin növbəti plenar iclasında müzakirə olunan “Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişikliklərdə yer alıb.

Qəbul edilən düzəlişlərə əsasən, hakimlərə Məhkəmə-Hüquq Şurasının müəyyən etdiyi nümunə üzrə xidməti vəsiqə təqdim olunacaq. Sözügedən vəsiqə Şuranın sədri tərəfindən veriləcək və hakimin statusunu, eləcə də tutduğu vəzifəni təsdiq edən rəsmi sənəd sayılacaq.

Yeni qaydalara görə, hakim səlahiyyət müddəti ərzində xidməti vəsiqədən istifadə edəcək. Şəxsi məlumatlarda və ya vəzifədə dəyişiklik olduqda, vəsiqənin istifadə müddəti başa çatdıqda, eləcə də sənəd itirildikdə və ya yararsız vəziyyətə düşdükdə yeni vəsiqə ilə əvəz ediləcək.

Hakimin səlahiyyətlərinə xitam verildiyi halda isə xidməti vəsiqə Məhkəmə-Hüquq Şurasına qaytarılmalıdır.

Qeyd edək ki, indiyədək qüvvədə olan qanunvericiliyə əsasən, hakimlərin xidməti vəsiqələrinin nümunəsi Milli Məclis tərəfindən müəyyən edilirdi. Edilən dəyişikliklə bu səlahiyyət Məhkəmə-Hüquq Şurasına verilib.

Eyni zamanda “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna edilən dəyişikliklər də bu məsələyə hüquqi əsas yaradır.

Qanun layihəsi Milli Məclisdə səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiqlənib.

Reklam