az24.az saytı 06.02.2026-ci il tarixindən etibarən, fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır.
Gül suyunun faydaları

Gül suyunun faydaları

Sağlamlıq 05.02.2026 18:32 2478

Təbii gül yarpaqlarından, heç bir kimyəvi maddə qatılmadan hazırlanan gül suyu əsrlərdir insan həyatında xüsusi yer tutur. Saf gül yarpaqlarının distillə edilməsi yolu ilə əldə olunan bu möcüzəvi maye həm sağlamlıq, həm gözəllik, həm də mətbəx mədəniyyətində geniş istifadə olunur. Məhz buna görə gül suyu bir çox kosmetik və tibbi məhsulların əsas tərkib hissəsinə çevrilib.

Gül tarix boyu bir çox xalqlar üçün sevginin, saflığın və sonsuz gözəlliyin simvolu sayılıb. Qırmızıdan ağ rəngə qədər bütün güllər zərif görünüşü və valehedici ətri ilə seçilir. Ancaq gülün dəyəri təkcə estetik gözəlliyi ilə məhdudlaşmır. Ondan əldə edilən məhsullar, xüsusilə də gül suyu, müalicəvi və qoruyucu xüsusiyyətləri ilə diqqət çəkir.

Xoş qoxusu və zərif dadı olan gül suyu qədim dövrlərdə olduqca qiymətli hesab olunurdu. Qədim İran və Misirdə o, nadir və dəyərli məhsul kimi istifadə edilirdi. Tarixi mənbələrə görə, Kleopatra gül suyunu ən sevdiyi gözəllik vasitələrindən biri sayırdı. Qədim Hindistanda isə gül suyu dini mərasimlərin ayrılmaz hissəsi idi. Yunanıstanda və Orta Şərqdə bu ətirli su müxtəlif yeməklərə, xüsusilə şirniyyatlara – paxlava və oxşar desertlərə xüsusi ləzzət qatmaq üçün istifadə olunurdu.

Gül suyunun faydaları olduqca genişdir. Antibakterial, antiseptik və sakitləşdirici təsirlərə malik olan bu təbii məhsul A, C, D, E və B3 vitaminləri, eləcə də flavonoidlərlə zəngindir. O, orqanizmi qidalandırır, həzm sistemini tənzimləyir, sinir gərginliyini azaldır, böyrək infeksiyaları və ürək xəstəlikləri riskini aşağı salmağa kömək edir. Eyni zamanda diş əti problemləri, göz qıcıqlanması və iltihablı hallar zamanı da müsbət təsir göstərir.

Dəri baxımında gül suyunun rolu xüsusilə böyükdür. Dəri infeksiyalarının müalicəsində istifadə edilən bu təbii vasitə dərini sakitləşdirir, qızartı və şişkinliyi azaldır. Quru və yaşlanma əlamətləri göstərən dərilərdə canlandırıcı və cavanlaşdırıcı təsir yaradır. Dərini təmizləyir, tonik funksiyası daşıyır və qara nöqtələrin azalmasına kömək edir.

Gül suyu saç baxımında da əvəzsiz hesab olunur. Saç dərisində qan dövranını sürətləndirir, saç köklərini qidalandırır və gücləndirir. Məhz bu səbəbdən bir çox şampun və saç baxım məhsullarının tərkibində gül suyuna tez-tez rast gəlinir. Onun müntəzəm istifadəsi saç tökülməsinin qarşısını almağa yardımçı olur.

Ancaq gül suyundan fayda görmək üçün onun tam təbii olması son dərəcə vacibdir. Market və apteklərdə satılan məhsulların bir qismi sintetik qatqılarla hazırlanır. Buna görə ev şəraitində hazırlanan gül suyu həm daha təhlükəsiz, həm də daha təsirli sayılır.

Dəniz

Reklam