Generalla ailə qurdu, 25 ildən sonra ilk sevgilisindən evlilik təklifi aldı – Nərgiz Cəlilova haqqında bilmədikləriniz
O, təkcə diktor kimi deyil, həm də görünüşü, səsi və cəzarəti ilə daim diqqət mərkəzindədir. Bir çox xanımın həsəd apardığı, 65 yaşı olsa da, hələ də gənc görünən Nərgiz Cəlilova. Bu gün həmin xanımın gizlinlərindən söhbət açacağıq.
Azərbaycan televiziya tarixində uzun müddət yadda qalan, diksiyası və ekran mədəniyyəti ilə tamaşaçıların rəğbətini qazanmış Nərgiz Cəlilova yalnız diktor kimi deyil, həm də televiziyada layihə müəllifi və aparıcı kimi iz qoymuş şəxsiyyətdir.

Nərgiz Cəlilova 1960-cı il iyunun 10-da Bakıda anadan olub. Ailədə iki bacı və bir qardaş olublar. Orta məktəb illərində musiqiyə böyük maraq göstərən Nərgiz on illik musiqi təhsili alır. Ətrafındakılar onun gələcəyini incəsənət sahəsində görsə də, o, gözlənilməz seçim edərək 1978-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olur.
Ali təhsilini başa vurduqdan sonra televiziyada diktor seçimi üçün müsabiqə keçirildiyini eşidir və şansını sınamağa qərar verir. Müsabiqə komissiyasında Xalq artisti Rafiq Hüseynovun da olması onun üçün taleyüklü məqam olur. Bir neçə mərhələni uğurla keçən Nərgiz Cəlilova 1983-cü ildə Azərbaycan Televiziyasında fəaliyyətə başlayır.

Zaman keçdikcə ustad–şagird münasibəti dərin dostluğa çevrilir. Onlar birlikdə bir neçə musiqi nümunəsi də ifa edirlər.

Nərgiz Cəlilova sonralar bu dostluğu belə xatırlayırdı:
“Komissiyanın üzvləri arasında Xalq artisti Rafiq Hüseynov da var idi. Mənə elə gəlir ki, Rafiq Hüseynov olmasaydı, mən də olmazdım. İllər ötdükcə o, ailəvi can dostuma çevrildi. Qızı Leyli dünyaya gələndə ilk mənə zəng elədi və dedi ki, Nara, birinci sənə zəng edirəm, xala olmusan. O, mənim can dostum idi, baxmayaraq ki, yaş fərqimiz var idi, ustadım idi”.

15 ilə yaxın AzTV-də çalışan diktor 1998-ci ildə doğma televiziyasından ayrılır. Sonrakı illərdə ABA, Space və Lider kanallarında fəaliyyətini davam etdirir, televiziya məkanında öz dəst-xəttini qoruyub saxlayır.
Nərgiz Cəlilovanın şəxsi həyatı da duyğulu və mürəkkəb olub. Tələbəlik illərində yaşadığı ilk sevgi zamanla ayrılıqla nəticələnir. Həmin insan illər sonra yenidən həyatına qayıtsa da, bu münasibət də davamlı olmur. 25 il sonra yenidən edilən evlilik təklifi isə diktor tərəfindən qəbul edilmir:

Nərgiz Cəlilova ali təhsil aldığı illərdə tələbə yoldaşı ilə eşq yaşayır. Ailə qurmaq qərarına gələn cütlüyün yolları sonradan kədərli şəkildə ayrılır. Cəlilova öz müsahibələrində xatırlayır: “Qərar verdik ki, dördüncü kursda nişanlanaq, bitirəndən sonra isə evlənək. Onu bir gün tələbə düşərgəsinə göndərdilər. Oradan qayıdanda onda dəyişiklik gördüm, artıq o münasibətləri davam etdirə bilmədik və ayrıldıq. Acılı ayrılıq yaşadım, amma o zaman bu tələb olunurdu.

Televiziyada çalışmağa başladığım illərdə bir gün mənə zəng gəldi. Bu zəng həmin tələbə yoldaşımdan idi. Etiraf edirəm ki, ayrıldığımız illər ərzində səbirsizliklə onun zəngini gözləyirdim. Zəngində bildirdi ki, mənimlə görüşmək istəyir. Görüşdük və mənə evlilik təklifi etdi. Əvvəlcə razılaşdım, adət-ənənələrə uyğun olaraq elçi gəldilər. Bir neçə gün keçdikdən sonra hiss etdim ki, daha əvvəlki duyğuları yaşaya bilmirəm. Bunu ona izah etdim, biz razılaşdıq və ayrıldıq. Daha sonra o, ailə qurdu və Amerikaya köçdü. 25 il sonra həmin insandan mənə yenidən zəng gəldi. Onda mən də, o da öz həyat yoldaşlarımızdan ayrılmışdıq. İkimiz də subay idik. 25 ildən sonra o, yenə də evlilik təklif etdi. Təbii ki, qəbul etmədim. Çünki axar suya ikinci dəfə girmək olmaz. Bu mənim xasiyyətimdir. Bir neçə il keçdikdən sonra o, ikinci dəfə evləndi, mən isə hələ də təkəm. Hərdən fikirləşirəm ki, ilk məhəbbətim məni rahat buraxmadı”.

Sonralar o, Rusiyada ədliyyə orqanlarında çalışan ədliyyə general-leytenantı İlqar Qasımovla ailə qurur. Bu evlilikdən Nərmin adlı qızları dünyaya gəlir. Qızının 10 yaşı olarkən cütlük ayrılır və diktor övladı ilə birlikdə yaşamaq qərarı verir.

Nərgiz Cəlilovanın ən sevdiyi idman növü tennisdir. Tennis sevgisi haqqında o, belə deyir:
“Ən çox sevdiyim idman növü tennisdir. Əgər 25 yaşım olsaydı, mütləq tennislə peşəkar məşğul olardım. Təsəvvür edə bilməzsiniz, mən oyunları necə izləyirəm. Hətta baxanda qışqırıram. Yaxşı ki, evdə tək yaşayıram. Heç kim səsimdən qorxmur”.
2009-cu ildə Xəzər TV-də “Pəncərə”, 2015-ci ildə isə AzTV-də “Sevilənlər” verilişlərinin aparıcısı kimi tamaşaçı qarşısına çıxır. Müxtəlif layihələrdə iştirak edir, gənc diktorların yetişməsində mühüm rol oynayır.
Nərgiz Cəlilovanın qızı Nərmin bir neçə il əvvəl uyğur vətəndaşı ilə ailə quraraq Çinə köçüb. Bu gün tanınmış diktor bir nəvənin nənəsidir və həyatının yeni mərhələsini yaşayır.

Dəniz
Reklam
Oxşar xəbərlər
Azərbaycan çempionu oldu, boşandı, İsraildə masajist işlədi – “Bəyin oğurlanması”nın Yasəməni hanı?
Dünyanın xoşbəxti, spikeri tənqid edən keçmiş deputat – Zeynəb Xanlarova haqqında bilmədiklərimiz…
Pərəstişkarı ilə evləndi, Nəsibə Zeynalova onu otağından qovdu – Xalq artistinin tənha həyatı
Qızı gözünün qabağında qətlə yetirilən Xalq artisti – Anası niyə onu heç vaxt bağışlamadı?