Evlilikdə “cinsi münasibət məcburiyyəti” ləğv edildi – QƏRAR

Evlilikdə “cinsi münasibət məcburiyyəti” ləğv edildi – QƏRAR

Maraqlı 31.01.2026 11:07 6

Fransada Milli Assambleya evlilikdə cinsi münasibətin zəruri öhdəlik kimi şərh edilməsinə son qoyan qanun layihəsini qəbul edib. Yeni qanunla razılığın evliliklə avtomatik verildiyi anlayışı açıq şəkildə rədd olunur. Tənzimləməyə əsasən, həyat yoldaşları cinsi münasibətə məcbur edilə bilməz və cinsi əlaqəyə girməmək boşanma zamanı qüsur kimi qiymətləndirilə bilməz.

Çərşənbə günü təsdiqlənən qanunla Fransa Mülki Məcəlləsində açıq şəkildə qeyd olunur ki, evlilik tərəflər arasında cinsi münasibət öhdəliyi yaratmır.

Qanunun məhkəmə praktikasında köklü dəyişiklik yaratması gözlənilməsə də, təşəbbüsü dəstəkləyənlər bunun evlilik daxili zorlamaya qarşı mübarizədə mühüm simvolik addım olduğunu vurğulayırlar. Qanun layihəsinin müəllifi, Yaşıllar Partiyasından olan deputat Marie-Charlotte Garin bildirib ki, evlilik daxilində cinsi münasibətin hüquq və ya vəzifə kimi təqdim edilməsi xüsusilə qadınlar üzərində təzyiq yaradır. Onun sözlərinə görə, “Evlilik cinsi razılığın ömür boyu verildiyi qapalı bir məkan ola bilməz”.

Fransa Mülki Məcəlləsində evlilik öhdəlikləri hazırda “hörmət, sədaqət, dəstək və yardımlaşma” anlayışları çərçivəsində müəyyən edilir və birgə yaşama məsuliyyətinə istinad olunur. Qanunda cinsi münasibətlə bağlı açıq müddəa olmasa da, bəzi məhkəmələr keçmişdə bu anlayışı geniş şərh edərək cinsi münasibəti də evlilik öhdəliyi kimi dəyərləndirmişdi.

Bu yanaşmanın ən çox müzakirə olunan nümunələrindən biri 2019-cu ildə baş verib. Məhkəmə uzun müddət ərinə cinsi münasibəti rədd edən qadını qüsurlu sayaraq kişinin qüsura əsaslanan boşanma tələbini təmin etmişdi. Qadın qərarı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) daşıdı. AİHM ötən il verdiyi qərarla Fransanı məhkum etdi və cinsi münasibətdən imtinanın boşanma səbəbi kimi göstərilməsinin insan hüquqlarına zidd olduğunu bildirdi. Bu qərar Fransa məhkəmələrində oxşar qərarların verilməsinin qarşısını faktiki olaraq aldı.

Fransada evlilik daxili zorakılıq 1990-cı ildən bəri cinayət hesab olunur. Daha əvvəl evliliyin avtomatik razılıq anlamına gəldiyi iddiaları irəli sürülürdü. Noyabr ayında qüvvəyə minən başqa bir qanunla zorlamanın tərifi də genişləndirilib. Yeni tərifə görə, zorlanma “məlumatlandırılmış, açıq, əvvəlcədən verilmiş və geri götürülə bilən razılıq” olmadan həyata keçirilən hər cinsi hərəkət sayılır. Qanunda sükutun və ya reaksiya verməməyin razılıq demək olmadığı da açıq şəkildə vurğulanır.

Dəniz

Reklam