Ermənilərin qənimi, Bakının “bəxtli” qumarbazı milyonçuya necə çevrildi?

Ermənilərin qənimi, Bakının “bəxtli” qumarbazı milyonçuya necə çevrildi?

Maraqlı 15.12.2025 20:44 272

Bakının tarixi təkcə neft milyonçuları ilə deyil, həm də taleyi dramatik şəkildə dəyişən, dövrün mürəkkəb ictimai-siyasi proseslərində iz qoyan şəxslərlə zəngindir. Onlardan biri də vaxtilə Bakının ən əli gətirən qumarbazı, sonradan milyonçuya çevrilən, lakin ömrü faciə ilə bitən Mövsüm Səlimovdur.

Mövsüm əslən Abşeronun Binə kəndindən idi. Binəqədi ərazisindəki neft buruqlarının demək olar ki, yarıdan çoxu onunkuydu. Mayılovun opera teatrında ermənilərin girov götürdükləri milyonçuların arasında onun da adı çəkilirdi. Bu da səbəbsiz deyildi, Səlimov ermənilərə qarşı hədsiz nifrəti ilə seçilirdi.

Bakının “bəxtli” qumarbazı

XX əsrin əvvəllərində Bakıda maraqlı bir ənənə vardı: toy evlərində günlərlə davam edən qumar məclisləri təşkil edilərdi. Mayılov teatrında, varlıların toylarında qurulan bu məclislər bəzən sərvətlərin əl dəyişməsinə səbəb olurdu. Möhsüm Səlimov da məhz bu mühitdə ad çıxarmışdı. Onu Bakıda “ən əli gətirən qumarbaz” kimi tanıyırdılar.

Mövsüm Səlimovun varlanmasının, milyonçuya çevrilməsinin çox maraqlı bir tarixçəsi vardı. Qumar məclislərinin birində udduqlarını və əlindəki sərmayəni toplayaraq torpaq alır, neft quyuları qazdırır. Qumara son qoyur.

Xeyli fəhlə toplayıb işə başlayır. Lakin uzun müddət gözlədiyi nəticəni ala bilmir. Birinci, ikinci, üçüncü, hətta dördüncü quyu qazılır, lakin heç birindən neft çıxmır. Belə uğursuzluq Mövsüm Səlimova çox baha başa gəlir. Axır iş o yerə çatır ki, tam müflis olmaq vəziyyətinə çatır. Fəhlələrə vermək üçün pulu qalmır. Qazılan quyulardan neft çıxmaması bütün planlarını alt-üst edir…

İflasın bir addımlığında…

Mövsüm Səlimovun bağı Pirşağıda yerləşirdi. Bir gün artıq fəhlələrə haqq verməyin vaxtı yetişir. Sabah usta haqq dalınca gəlməlidir, ancaq onda veriləcək pul yoxdur. Çox götür-qoydan sonra bir çıxış yolu tapa bilməyərək, hövlank evdən çıxır. Camaatın içində rüsvay olmaqdansa, baş götürüb buralardan getməyi üstün tutan Səlimov əvvəlcə mədənlərə baş çəkməyi lazım bilir. Biləcəriyə – dəmiryol vağzalına üz tutur. Bilet alıb qatara əyləşir. Qatarın tərpnəməsinə az qalır. Səlimov fikirli-fikirli pəncərənin qarşısında dayanıb bayırı, doğma yerləri nəzərdən keçirir. Elə bu vaxt ustanın düz ona tərəf yüyürdüyünü görür. Bu, əsl biabırçılıq idi… Lakin ustanın çöhrəsində elə bir sevinc vardı ki…

Usta elə uzaqdan var səsiylə: “Xozeyin, gözün aydın, quyu fontan vurdu”,- deyərək, bağırırdı. Səlimov bu xəbəri eşidib, sevincindən neyləyəcəyini bilmir, əynindəki qiymətli xəz dərili paltonu çıxarıb, ustaya geyindirir…
Həmin gündən sonra yavaş-yavaş işlər qaydasına düşməyə başlayır. İkinci, üçüncü quyular da neft verir. Beləcə, Mövsüm Səlimov milyonçuya çevrilir.

Xeyirxahlıq və ədalət nümunəsi

Mövsüm Səlimov çox ədalətli və insaflı adam olub. Yetim-yesirin qayğısına qalıb, çoxlarına arxa durub. Qazandığı pulları yaxşı işlərə, nəzir-niyaza sərf etməkdən çəkinməyib. Mövsüm Səlimovun Binə kəndində tikdirdiyi məscid tamamilə fərqlənir. Abşeronun elə bir kəndi tapılmaz ki, orada məscid olmasın. Ancaq onların arasında yeganə sütunsuzu Mövsüm Səlimovun Binədə tikdirdiyidir. İndi də həmin müqəddəs yer işləyir və Mövsüm Səlimovun adını daşıyır…
1918-ci il mart hadisələri və silahlı müqavimət

Onun ermənilərə qarşı hədsiz nifrəti vardı. Azğın düşmənlərimizin artıq “Razin”ə qədər gəlib çıxdığı bir dövrdə bütün Abşeron təhlükə altında idi. Ermənilər dörd istiqamətdən irəliləyirdilər. Möhsüm Səlimov Bakının bütün başıpapaqlılarını məscidə yığıb, belə bir sual verir: “Ay camaat, bu papağı başınıza niyə qoyursunuz?! İsti-soyuq üçün? Qeyrət, namus vaxtıdır! Erməni gəlib burnumuzun ucuna dirənib. Bir tədbir görmək lazımdı. Onların layiq olduqları cavabı verməliyik!”,- deyir.
Bundan sonra bütün imkanlılar hərəkətə gəlir. Silah-sursat alınır. Səlimovun təkcə özü dörd top alır. Həmin toplar ermənilərin irəliləmək istədiyi bütün istiqamətlərdə – biri Binə yolunda, biri “Aeroport` tərəfdə, biri Buzovna yolunda, biri isə Bilgəh istiqamətində qoyulur. Olaydan xəbər tutan ermənilər heç irəliləməyə cürət etmədilər, qayıdıb getdilər…

Mühacirət və qayıdışa aparan yol

Mövsüm Səlimov hələ Azərbaycanda sovet hökuməti qurulmamışdan bir neçə gün əvvəl ailəsilə birlikdə Bakını tərk edir. O da İrana üz tutanlar arasında idi. Bundan sonra uzun müddət – 1944-cü ilə qədər orada yaşayır. Elə ki, bizimkilərin müharibə dövründə İrana ayağı açılır, orada Mövsüm Səlimovu tanıyanlar olur. O illər Mircəfər Bağırovun ən sadiq təbəələrindən biri olan Ağasəlim Atakişiyev İrana təhkim idi (Bağırovun məhkəməsi zamanı o da həbs olunanlar arasında olub. O, iyirmi beş il cəza alıb, bunu başa vuraraq geri qayıda bilmişdi və öz əcəli ilə Bakıda vəfat edib).
Xəbəri Atakişiyevə çatdırırlar. O isə öz növbəsində rəhbərə məlumat verir. Bağırov nəyin bahasına olursa-olsun, Mövsüm Səlimovun həbs edilərək Bakıya gətirilməsinə əmr verir.

Aradan neçə illər keçdiyinə görə Mövsüm Səlimov izlənəcəyini, tutula biləcəyini xəyalına da gətirməzdi. Odur ki, tam sərbəst yaşayırdı.

Bakıdan incəsənət adamları, başda Xan Şuşinski, Əbülfət Əliyev, Sara Qədimova və başqaları da olmaqla bir dəstə İrana gəlir. Həmvətənlərinin görüşünə gedərkən agentlər Mövsüm Səlimovu həbs edərək, Bakıya gətirirlər.

1945-ci ildə, artıq neçə ildən sonra doğma vətənə qayıdan milyonçunu burada yaxşı heç nə gözləmirdi. Mircəfər Bağırovun əmrilə ermənilərin qənimi Mövsüm Səlimovu güllələyirlər…
Onun Bayıl türməsində güllələnməsi bütün Bakı əhlini sarsıtmışdı.

Qeyd: Yazı hazırlanarkən tanınmış yazıçı və jurnalist Bəhram Çələbinin materiallarından istifadə olunub.

Reklam