Elektron siqaretlərdən istifadə edənlər cərimələnəcək? – AÇIQLAMA
Bu gün ən geniş yayılan qeyri-infeksion xəstəliklərin əsas səbəblərindən biri məhz zərərli vərdişlərdir. Tütün istifadəsi, adi siqaret çəkmə ilə bağlı risklər artıq cəmiyyətin hər bir üzvünə məlumdur.
AZ24.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov elektron siqaretlərə tətbiq ediləcək qadağalarla bağlı jurnalistlərə açıqlamasında deyib.
Millət vəkilinin sözlərinə görə, hər bir uşaq da, yetkin insan da anlayır ki, siqaret çəkmək ağciyər xərçəngi və digər ağır xəstəliklərlə nəticələnir:
“Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı statistik rəqəmlərə görə, təəssüf ki, hətta bir sıra inkişaf etmiş ölkələrdə belə elektron siqaretlərin istifadəsi xüsusilə yetkinlik yaşına çatmamış uşaqları əhatə edir.
Elektron siqaretlərin istifadəsi yetkinlik yaşına çatmamış şəxslərlə yetkin insanlar arasında təxminən 10 dəfəyə qədər daha yüksəkdir. Bu isə onu göstərir ki, bir çox uşaqlar adi tütün məmulatlarından istifadə etməsələr belə, birbaşa elektron siqaretlərə yönəlirlər”.
Deputat bildirib ki, təqdim olunan yeni qanun layihəsi məhz tütün məmulatlarının təsnifatının dəqiqləşdirilməsinə xidmət edir:
“Yəni, hansı məhsullar tütün məmulatı sayılır, hansılar qızdırılan tütün məhsullarıdır və elektron siqaretlər hansı kateqoriyaya aiddir – bütün bunlara hüquqi aydınlıq gətirilir”.
S.Məmmədov əlavə edib ki, elektron siqaretlərin idxalı və istifadəsi ilə bağlı qadağalar da dünya təcrübəsi nəzərə alınmaqla tətbiq olunur:
“Bir sıra ölkələrdə elektron siqaretlərin istifadəsi tam qadağan edilib, bəzi ölkələrdə isə ciddi tənzimləmə mexanizmləri tətbiq olunur – istifadə sahələri məhdudlaşdırılır və ya tərkibinə tənzimləmə tətbiq edilir.
Ölkəmizdə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanunun tətbiqi təkcə bu gün üçün deyil, gələcək nəsillərin sağlamlığının qorunmasına yönəlmiş addımdır. Bu çərçivədə elektron siqaretlərin qadağan olunması, xüsusilə tərkibində çoxsaylı kanserogen maddələr olan, nikotinin az və ya heç olmadığı halda belə digər zərərli kimyəvi maddələrlə zəngin olan bu vasitələrin istifadəsinin qarşısının alınması bir sıra xəstəliklərin artmasının qarşısını almağa xidmət edir.
Dünya təcrübəsi, Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəriciləri və ölkəmizdə mövcud olan rəqəmlər bu məsələnin nə qədər ciddi olduğunu göstərir. Elektron siqaretlərin xüsusilə məktəblilər arasında yayılması artıq ciddi bir çağırışdır. Tütün məmulatlarının təsnifatının dəqiqləşdirilməsi çox düzgün və vacib addımdır”.
O, qeyd edib ki, istənilən qanunun effektiv icrası üçün qadağaların pozulmasına qarşı sanksiyalar mütləqdir. Cərimələrin məbləği və digər mexanizmlər isə qanun qəbul edildikdən sonra müvafiq normativ-hüquqi aktlarla tənzimlənəcək.
Reklam
Oxşar xəbərlər
Sulu qar, qar yağacaq, 8 dərəcə şaxta olacaq – XƏBƏRDARLIQ
Pensiyaçılara ŞAD XƏBƏR: Ödənildi
TƏCİLİ – Azərbaycanda zəlzələ oldu
Metroda məsafəyə görə ödəniş sisteminə keçidlə bağlı RƏSMİ AÇIQLAMA
Saat 15:00-dək sənədləri təqdim etməsələr, ləğv ediləcək – Valideynlərə XƏBƏRDARLIQ
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır