Dünyanın xoşbəxti, spikeri tənqid edən keçmiş deputat – Zeynəb Xanlarova haqqında bilmədiklərimiz…
Azərbaycan musiqi mədəniyyətinin zirvəsində elə adlar var ki, onlar təkcə səs və ifa deyil, bütöv bir dövr, bir xalqın ruh halıdır. Zeynəb Xanlarova məhz bu adlardandır. Onun səsi onilliklər boyu Azərbaycan evlərinə nur kimi süzülüb, sevincdə də, kədərdə də insanlara yol yoldaşı olub. Bu səs təkcə notların ahəngi deyil, yaddaşın, taleyin və milli kimliyin səsidir.
Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində, dağlı məhəlləsində anadan olub. Sonralar ona “dağlı qızı” deyə müraciət olunması təsadüfi deyildi. Dağlara xas olan vüqar, sərtlik və təmizlik onun həm səsində, həm də xarakterində aydın hiss olunurdu. “Məni heyran etdi Xızı dağları” mahnısı sanki onun həyat yolunun poetik xülasəsinə çevrildi.
Zeynəb Xanlarova Yasamal rayonundakı Cəfər Cabbarlı adına 161 saylı orta məktəbdə təhsil alıb. Onun sənət yolunda dönüş nöqtəsi Bakıda keçirilən şəhər bədii özfəaliyyət kollektivlərinə baxış oldu. O gün gənc Zeynəbin “Azərbaycan maralı” xalq mahnısını oxuması münsiflər heyətində əyləşən musiqi korifeylərini heyrətləndirdi. Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Qəmbər Hüseynli kimi nəhənglərin diqqətini çəkən bu ifa onun böyük səhnəyə açılan qapısı idi. Filarmoniyadakı qalibiyyət və Asəf Zeynallı adına musiqi məktəbinə qəbul Zeynəb Xanlarovanı peşəkar sənətin yoluna çıxardı. Böyük xanəndə Seyid Şuşinskinin məktəbi isə onun səsini cilalayan, muğam duyumunu kamilləşdirən əsas mənbələrdən oldu.

Zeynəb Xanlarova səhnəyə çıxdığı ilk gündən fərqli idi. O, sadəcə oxumurdu, yaşayırdı. Hərəkəti, baxışı, səhnə mədəniyyəti ilə Azərbaycan estradasına yeni nəfəs gətirdi. Ondan əvvəl səhnədə hərəkətsiz dayanan ifaçılar vardısa, Zeynəb xanım musiqini bədəni və ruhu ilə ifadə etməyi bacardı. Bu xüsusiyyət onu tamaşaçıya daha da yaxınlaşdırdı, sevilən və gözlənilən sənətkara çevirdi.
1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Bu günə qədər səhnəmizin ən gözəl Leylisi də o hesab edilir.
O, 14 sənədli filmə çəkilib. Özü haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib.

Muğam sənətində də o, cəsarətli addımlar atdı. “Çahargah” muğamını ifa edən ilk qadın xanəndələrdən biri kimi adını tarixə yazdı. 1975-ci ildə Azərbaycan SSR xalq artisti, 1978-ci ildə Ermənistan SSR xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adını alıb. Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.
Zeynəb Xanlarovanın səsi sərhəd tanımırdı. O, 70-dən çox ölkədə xüsusi dəvətlə konsert verib.
Yəməndə 50 dərəcə istidə açıq havada konsert verib.
Əfqanıstanda isə tankların, pulemyotların müşayiəti ilə konsert keçirib. Əfqanıstanın o vaxtkı rəhbəri Nəcibulla tərəfindən ən yüksək dövlət ordeninə layiq görülüb.
Keçmiş SSRİ-dən, eləcə də Azərbaycandan Yaponiyada konsert verən ilk müğənnidir. O, mikrofonsuz stadionda konsert verməsi ilə də yadda qalıb. Getdiyi hər ölkədən bir milli musiqi gətirən Zeynəbin repertuarından yerli müğənnilər çox istifadə edirdilər.

ABŞ-da ən çox konsert verən azərbaycanlı müğənni də Zeynəb Xanlarovadır. Onun bu ölkəyə ilk səfəri 1989-cu ildə baş tutub. O, 2012-2015-ci illərdə ABŞ-da yenidən konsert proqramları ilə çıxış edib.
Xalq artistiABŞ-a ilk səfərindən maraqlı bir əhvalat danışıb:
“1989-cu ildə Amerikaya qastrol səfərim zamanı ifa etdiyim mahnılardan biri də “Reyhan” idi. Əksəriyyəti Azərbaycan dilini başa düşməyən zal bu mahnını böyük rəğbətlə qarşıladı. Mən niyə məhz bu mahnıya belə reaksiya olduğuna təəccübləndim. Sonra tərcüməçimiz başa saldı ki, mahnınızın ABŞ Prezidenti Reyqanın haqqında olduğunu düşünürlər”.

Zeynəb Xanlarova dəhşətli Çernobıl faciəsi baş verən zaman konsertlərindən qazandığı gəlirlərdən ibarət böyük məbləği zərərçəkmişlərə bağışlayır və yardım siyahısında Azərbaycanın adı Zeynəb xanımın sayəsində öz layiqli yerini alır.
Xalq artisti Zeynəb Xanlarova əslən Füzuli rayonundan olan mərhum Səlim Babayevlə evli olub.
Səlim Abbas oğlu Babayev 1990-cı illərin əvvəllərində Bakı dondurma fabrikinin direktoru işləyib.

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), default quality
3 dekabr 1998-ci il tarixində mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Səlim Babayev “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri təyin edilib. O, həmin vəzifədə 2001-ci ilə kimi çalışıb. Səlim Babayev 2000-ci illərin ortalarında dünyasını dəyişib.
Zeynəb Xanlarova və Səlim Babayev cütlüyünün iki oğlan övladı dünyaya gəlib – Ramin və Ramal Babayevlər.

Müğənni 1996-cı ilə “Şöhrət”, 2008-ci ildə “İstiqlal”, 2016-cı ildə “Heydər Əliyev” ordeninə layiq görülüb..
Milli Məclis spikeri Oqtay Əsədov onu “İstiqlal” ordeni alması münasibətilə təbrik etmədiyi üçün onu sərt tənqid edib:

“Ölkə prezidenti məni qəbul elədi, ən yüksək ordeni verdi. Mən 25 ildir ki, millət vəkiliyəm. Ancaq mən bura gəlmişəm, o ortada oturan adam məni təbrik eləmədi. Axı siz kimsiz? Özünü orda oturanda elə apar ki, ordan enəndə də səni saysınlar!”
Dəniz
Reklam
Oxşar xəbərlər
Azərbaycan çempionu oldu, boşandı, İsraildə masajist işlədi – “Bəyin oğurlanması”nın Yasəməni hanı?
Pərəstişkarı ilə evləndi, Nəsibə Zeynalova onu otağından qovdu – Xalq artistinin tənha həyatı
Qızı gözünün qabağında qətlə yetirilən Xalq artisti – Anası niyə onu heç vaxt bağışlamadı?