Bakı metrosunda 289 nəfərin son dayanacağı – Dünyanın ən dəhşətli metro qəzası

Bakı metrosunda 289 nəfərin son dayanacağı – Dünyanın ən dəhşətli metro qəzası

Maraqlı 18.12.2025 19:35 1382

1995-ci ilin 28 oktyabrı Bakı üçün adi bir payız axşamı deyildi. Şəhər tələsik addımlarla evə qayıdan insanların səsi ilə yaşayırdı. Metroda minlərlə sərnişin vardı. Heç kim bir neçə dəqiqə sonra tarixə qanla yazılacaq bir faciənin başlanacağını təsəvvür etmirdi.

Axşam saatlarına yaxın “Ulduz” stansiyasından “Nəriman Nərimanov” istiqamətində hərəkət edən qatarda qəfil yanğın baş verdi. Rəsmi məlumatlara görə, faciə nəticəsində 289 nəfər həyatını itirdi, 270-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər aldı.

Qatar “Ulduz” stansiyasını tərk etdikdən az sonra sərnişinlər əvvəlcə yanıq və tüstü qoxusu hiss etdilər. Bir neçə saniyə ərzində bu qoxu qalın, qara tüstüyə çevrildi. İşıqlar söndü, tunelin içini qaranlıq bürüdü. Yanan plastik və sintetik materialların zəhərli tüstüsü vaqonlara doldu.

Qatar stansiyadan təxminən 80–100 metr aralıda dayandı. Qapıların açılmasında problem yarandı, insanlar çıxış tapa bilmirdi. Panika başladı. Bəziləri pəncərələri sındırmağa çalışdı, bəziləri qaranlıqda bir-birini itirdi. Bir neçə dəqiqə ərzində karbon monoksid və digər zəhərli qazlar insanların huşunu əlindən aldı. Çoxları alovdan yox, məhz tüstüdən boğularaq həyatını itirdi.

Qəhrəmanlıq — insanlıq sınaqdan keçdi

Faciənin ən ağır anlarında belə insanlıq susmadı. Metro əməkdaşları, hərbi liseyin kursantları və sadə sərnişinlər həyatlarını riskə ataraq başqalarını xilas etməyə çalışdılar. Qaranlıq tuneldə yad insanları əlindən tutub çıxaranlar, huşunu itirənləri çiyinlərində daşıyanlar oldu.

Xüsusilə baş leytenant Çingiz Babayevin adı bu faciə ilə birlikdə yaddaşlara həkk olundu. O, bir neçə sərnişini xilas etdikdən sonra özü tüstüdən boğularaq həyatını itirdi. Sonradan onun bu fədakarlığı dövlət səviyyəsində qiymətləndirildi və o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Rəsmi araşdırma — nasazlıq, yoxsa terror?

Hadisədən sonra aparılan istintaq yanğının qatarın elektrik avadanlığında baş vermiş texniki nasazlıq nəticəsində yarandığını bildirdi. Qısaqapanma alovu sürətlə yaymış, köhnə kabellər və yanğına davamlı olmayan materiallar isə faciənin miqyasını daha da böyütmüşdü.

Bununla yanaşı, hadisənin ilk anlarında səslənən müxtəlif iddialar — vaqonlarda deşiklərin olması, partlayış səsi eşidildiyi barədə söyləntilər — terror ehtimalını da gündəmə gətirmişdi. Rəsmi qurumlar bu versiyanı təsdiqləməsə də, həmin dövrün siyasi və sosial gərginliyi şübhələri tamamilə susdurmadı.

Hadisə terror əməli hesab olunmayıb, texniki qəza kimi qiymətləndirilib. Uzun müddət araşdırma aparan istintaq qrupu hadisənin terror aktı olduğunu istisna edib. Qəzanın sırf səhlənkarlıqdan baş verdiyi açıqlanıb. Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havaçəkmə sistemi yararsız olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər.

Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı yanlış sayılıb. Təhlükəsizlik qaydalarına riayət etməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə şahidlərin gözü ilə…

28 oktyabr 1995-ci ildə “Ulduz” və “Nəriman Nərimanov” metrostansiyaları arasında hərəkət edən qatarda baş vermiş dəhşətli partlayışla bağlı mətbuta danışan Metropoliten əməkdaşı Şaiq Heydərov  o günü belə xatırlayır:

“1995-ci il axşam saatları təxminən saat 5-6 olardı. 27-ci marşrut idi, gəldi, stansiyanın ikinci yolunda dayandı. Sərnişinləri götürdü və tunelə təxminən 100 metr girəndən sonra partlayış səsi eşidildi, ardınca alışma başladı, yanğın oldu.
Partlayışdan sonra artıq stansiyada aləm bir-birinə qarışmışdı. Həmin vaxt əvvəlcə tez gərginliyi çıxardıq. Dəhşətli hadisə idi, ancaq özümüzü itirməmək üçün həmin yerə qaçıb sərnişnləri xilas etməyə başladıq.

Tunelə də düşdük ki, vaqonda qalan sərnişinləri də çıxara bilərik. Hadisə baş verəndən sonra stansiyada heç kəs qalmamışdı. Partlayışın səsindən, yanğından hamı çıxıb qaçmışdı bayıra”.

Ölən və yaralı o qədər idi ki…

Ş.Heydərov hadisədən sonra psixoloji travma alıb və uzun müddət buna görə müalicə olunub:

“Ölən və yaralı o qədər idi ki… Vaqonlarda qalan digər sərnişinləri Nərimanov rayon Polis İdarəsinin işçiləri gəlib çıxardılar. Yanğın baş verdiyindən qatı tüstü var idi. Mən özüm hadisə zamanı zəhərlənmişdim. Hadisədən sonra psixoloji sarsıntı yaşadım. 6 ay müalicə almışam. Hadisənin əsas şahidi bu gün bircə mənəm. Hadisəni bu gün də olduğu kimi xatırlayıram. İndi də tunelə düşəndə hər küncdə yatan meyitlər gəlir gözümün önünə”.

Rəqəmlər və ağrı

Faciədən sonra itkilərlə bağlı müxtəlif rəqəmlər səsləndirildi. Xəstəxanalar, morqlar, itkin düşənlər siyahıları uzun müddət dəqiqləşdirildi. Bəzi qeyri-rəsmi məlumatlarda ölənlərin sayının daha çox olduğu iddia edilsə də, rəsmi olaraq qəbul edilən 289 nəfər rəqəmi faciənin simvoluna çevrildi.

Hər rəqəmin arxasında yarımçıq qalan bir həyat, yas içində qalan bir ailə, heç vaxt cavabı olmayan suallar vardı.

Facidən sonra — dərslər və dəyişikliklər

Bu hadisə Bakı metrosunda və ümumilikdə şəhərin təhlükəsizlik sistemində ciddi dəyişikliklərin başlanğıcı oldu. Köhnə avadanlıqların yenilənməsi, ventilasiya sistemlərinin təkmilləşdirilməsi, yanğın təhlükəsizliyi qaydalarının sərtləşdirilməsi və personal üçün müntəzəm təlimlərin keçirilməsi gündəmə gəldi.

Faciə göstərdi ki, təhlükəsizlik yalnız texniki məsələ deyil — bu, həm də məsuliyyət, hazırlıq və vaxtında verilən qərarlardır.

Hadisədən sonra Azərbaycanda üç günlük matəm elan olunub. Bakı metrosundakı 28 oktyabr qəzası “Ginnesin rekordlar kitabı”na “Ən dəhşətli metro qəzası” kimi düşüb.

Dəniz

Reklam