Doğulduğuna peşiman olan “cəhənnəm əhli” Hüseyn Dəryanın faciə dolu həyat hekayəsi
Taleyini hamıdan əvvəl anlayan adam
Bəzən insan öz taleyini başqalarından əvvəl anlayır. Hüseyn Dərya anlayanlardan idi. O, sağlığında özünü “cəhənnəm əhli” adlandıranda bu, şou üçün deyil, etiraf üçün idi. Çünki onun ömrü başdan-başa mübarizə, ziddiyyət və faciələrlə dolu idi. Qısa ömür yaşadı, amma o ömrə sanki bir neçə insanın taleyi sığdı.
Uşaqlıq illəri və ailə mühiti
Hüseyn Dərya 1975-ci il iyunun 29-da Bakının Suraxanı rayonunun Bakıxanov qəsəbəsində anadan olub. Beş uşaqlı ailədə böyüyüb — üç bacı, iki qardaş. Uşaqlıq illəri böyük şəhərin sərt həyatı, ailə qayğıları və erkən yetkinlik hissi ilə keçib. Hələ kiçik yaşlarından həyatın ona yumşaq davranmayacağını hiss edirdi.
Təhsil yolu və yarımçıq qalan ali məktəb
İlk təhsilini Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə alıb. Bəzi məlumatlara görə, orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinə qəbul olunsa da, ali təhsilini davam etdirməyib. Onun həyatı auditoriyalardan çox küçələrdə, insanların içində formalaşırdı.

Müharibə illəri və ruhunda qalan izlər
Hüseyn Dəryanın gəncliyi müharibə illərinə təsadüf etdi. O, I Qarabağ müharibəsində iştirak edib və 4 il 2 ay hərbi xidmət çəkib. Müharibə onun yaddaşında, ruhunda dərin izlər qoydu. Sonralar mahnılarında hiss olunan qəzəb, ağrı və narahatlıq məhz bu illərin sükutundan doğurdu.

Repi küçədən səhnəyə gətirən adam
Yeniyetmə yaşlarından rep yazmağa və bədahətən deməyə başlayıb. Rep musiqisi Azərbaycanda hələ kənar, anlaşılmayan bir janr olanda, Hüseyn Dərya onu küçədən gətirdi. Onun sözləri cilalanmamışdı, amma həqiqi idi. Qəzəbli idi, amma yalan deyildi. O, mahnılarında sistemə, laqeydliyə, yoxsulluğa, insanın içindəki boşluğa qarşı danışırdı. Məhz buna görə onu ya çox sevirdilər, ya da qəbul etmirdilər.
İlk dəfə meyxana və muğamı rep musiqisi ilə sintez etdi. Küçənin dili ilə səhnəyə çıxdı. Karyerasında yüksəliş 2000-ci ildən başladı. İfa etdiyi mahnılar qısa zamanda dillər əzbərinə çevrildi. Tamaşaçıların onu sevməsinə səbəb olan əsas mahnılardan biri “Keyf elə” oldu. Bu mahnı Hüseyn Dəryanı tanınan simaya çevirdi və onun yaradıcılığının ən uğurlu dövrünün qapısını açdı.

Hüseyn Dəryanın diskoqrafiyasına 3 studiya albomu daxildir. Amma onun musiqisi albom sayından çox, yaşanmış həyatın ağırlığı ilə ölçülürdü.
Şəxsi həyat: iki evlilik, iki yarımçıq tale
Şəxsi həyatı isə sənəti qədər sarsıntılı oldu. Hüseyn Dərya iki dəfə ailə qurub. İlk həyat yoldaşı Sevda Məmmədovadan 2003-cü il təvəllüdlü Ayşə adlı qızı, ikinci həyat yoldaşı Sona Muradovadan isə 2006-cı il təvəllüdlü Cahangir adlı oğlu var.
Sevda Məmmədova ilə 2002-ci ildə tanış olublar. Sevda xanım bu tanışlığı illər sonra belə xatırlayır: Sevda Məmmədova ilə 2002-ci ildə tanış olublar. Sevda xanım onunla tanışlığı barədə belə deyib: O, birinci prodüseri İdrislə idi, ayaqqabısını təmizlətdirirdi. Həmin dönəmdə televiziyadakı “Musiqili meydan” verilişində Hüseynlə Elşad Xose yarışacaqdılar. Mən də onların yanından keçirdim. O an İdris məni saxladı və soruşdu: “Sizin fikrinizcə, kim daha yaxşıdı, Xose yoxsa Dərya. Mən isə “Elşad Xose” deyə keçib getdim. Mən onda heç Hüseyni yaxşı tanımırdım.

Ümumiyyətlə, rep musiqisini sevmirəm və başa düşmürəm. Gündüz saat 3-4 ərəfələrində yol gedərkən arxamca addım səsləri eşitdim. Döndüm baxdım ki, Hüseynlə İdris gəlir. Hüseyn onda mənə yaxınlaşıb soruşdu: “Xanım, siz məni niyə bəyənmirsiniz?”. Mən isə “bəyənmirsiniz deyəndə ki, bu tərz musiqiləri sevmirəm” dedim. Və beləcə tanış olduq. Mənə 2 bilet verdi. 1 həftə sonra konsertinə getdim. Bir-birimizi sevirdik və evlənmək qərarına gəlmişdik. Amma ailələrimiz buna qarşı çıxdı. Daha sonra Hüseyn mənə dedi ki, “gəl qaçırım səni”. Beləcə biz evləndik. Daha sonra qızımız Ayşə doğuldu. Ayşənin adını Hüseyn özü qoyub”.

Lakin bu ailə uzunömürlü olmur. Narkotik asılılığı Hüseynin həyatına, ailəsinə və sağlamlığına ciddi zərbə vurur. Həbs olunur. Birinci xanımı deyirdi: “Mən onu müalicə edir, həmişə yanında olurdum. Neçə illər dözdüm ki, qızım atasız qalmasın. Bizim ayrılığımıza səbəb Sona İbadova oldu. Sona bizim ailəmizi dağıtdı, yuvamı yıxdı. Sona guya Hüseynin pərəstişkarı idi. Hüseynə tez-tez zəng edir, mesaj yazırdı. Mən nə qədər yoldaşımı sevib, ona aşiq olsam da, axırda Hüseynə dedim ki, get, o Sona, o da sən, mən səndən ayrılıram”.

İkinci evlilik də uğurlu alınmır. Sona İbadova ondan boşanaraq oğlu ilə birlikdə anasının evinə köçür. Sona İbadova keçmiş əri Hüseyn haqqında bir dəfə belə deyib: “Onun başı xarabdır. O görür ki, mən onu saymıram, onunla münasibətlərə son qoymuşam. Ondan sonra yeni bir həyata başlamışam”.

Hüseyn Dəryanın həmkarları ilə münasibətləri də həmişə hamar olmayıb. Anar Nağılbaz və Elşad Xose ilə əvvəllər dostluq etsə də, sonradan aralarında gərginlik yaranıb və bu küsülülük ömrünün sonuna qədər davam edib. Buna baxmayaraq, Anar Nağılbaz Hüseynin dəfnində iştirak edib. Onun ən yaxın dostu isə rejissor Kənan MM olub.
Hüseyn Dərya Azərbaycan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə — satış məqsədi olmadan narkotik vasitələri əldə etmə və saxlama maddəsi üzrə 1 il həbs cəzası çəkib.
“Doğulmağıma peşmanam”
Hüseyn Dərya narahat həyat yaşadığını və doğulduğu üçün peşmanlığını verlişlərin birində belə cavablandırıb “Doğulmağıma peşmanam. Bəlkə də dünyaya gəlmə ixtiyarım öz əlimdə olsaydı, Allaha yalvarırdım ki, məni yaratmasın. Zəng vurub məni ölümlə hədələyiblər. Amma mən öləcəyimə sevinən insanam. Mən yaşadıqca hələ çox göz yaşı tökəcəm, yaşadığım hər bir gün cəhənnəmə aparan bir addımdır”.

Yarımçıq qalan ömür
2014-cü il martın 14-də gecə saat 23 radələrində Hüseyn Dərya Bakının Xəzər rayonu ərazisində idarə etdiyi “Opel Astra” markalı avtomobillə KamAZ markalı maşına çırpılır. Ağır xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilir. Martın 15-də səhər saatlarında dünyasını dəyişir. Cəmi 38 yaşı vardı.
Birinci həyat yoldaşının sözlərinə görə, Hüseyn əməliyyat olunmalı idi, lakin astma xəstəsi olduğu üçün ona narkoz verilməsi riskli idi. Elə narkoz verilən anda da dünyasını dəyişib.

Onun ölümü ətrafında dolaşan ən sarsıdıcı iddialardan biri isə morq hadisəsidir. Fəxrəddin Sadıqzadənin sözlərinə görə, Hüseynin nəşi morqdan çıxarılan zaman bir xırıltı səsi eşidilib. Bu səsi əvvəlcə tək eşitdiyini zənn etsə də, bir neçə saniyə sonra Hüseynin həyat yoldaşı Sona xanım da “bu, Hüseynin səsidir” deyib.
Hüseyn Dərya yaşamaqdan yorulan, amma susmayan bir insan idi. Onun həyatı yarımçıq qaldı, amma dedikləri, yaşadıqları və arxasında qoyduğu səs hələ də yaşayır.
Dəniz
Reklam
Oxşar xəbərlər
Azərbaycan çempionu oldu, boşandı, İsraildə masajist işlədi – “Bəyin oğurlanması”nın Yasəməni hanı?
Dünyanın xoşbəxti, spikeri tənqid edən keçmiş deputat – Zeynəb Xanlarova haqqında bilmədiklərimiz…
Pərəstişkarı ilə evləndi, Nəsibə Zeynalova onu otağından qovdu – Xalq artistinin tənha həyatı
Qızı gözünün qabağında qətlə yetirilən Xalq artisti – Anası niyə onu heç vaxt bağışlamadı?