Dəbdəbəli həyatdan yoxsulluğa: Xeyransa xanım Hacınskayanın FİLM KİMİ HƏYATI

Dəbdəbəli həyatdan yoxsulluğa: Xeyransa xanım Hacınskayanın FİLM KİMİ HƏYATI

Maraqlı 20.11.2025 17:50 15

Azərbaycanın neft bumu dövründə parlayan, lakin sonu faciə ilə bitən həyatı ilə yadda qalan qadınlardan biri də zadəgan nəslindən olan Xeyransa xanım Xanlarova Hacınskayadır.

Az24.az xəbər verir ki, o, Bakıda maşınla gəzən ilk qadın kimi tanınırdı və bu imkana sahib olmasının səbəbi də həyat yoldaşı – məşhur milyonçu İsa bəy Hacınski idi.

Bəy nəslindən gələn zadəgan xanım

Xeyransa xanım Bakıda tanınmış, köklü Xanlarovlar ailəsində dünyaya gəlmişdi. Həddi-buluğa çatdıqda o da öz soy-kökünə uyğun şəkildə bəy nəslindən olan Əbdülsalam bəyin oğlu İsa bəy Hacınski ilə ailə qurur.

İsa bəyə atasından miras qalan mülk və torpaq sahələri var idi. Həmin ərazilərdə neft yataqlarının tapılması Hacınski ailəsinin həyatını tamamilə dəyişdi. 1903-cü ildə İsa bəy öz şəxsi neft şirkətini qurdu və qısa zamanda Bakı milyonçularından birinə çevrildi. Ailənin sərvəti sürətlə artdı.

İsa bəy Hacınski — Vikipediya

Möhtəşəm həyat: dənizə baxan ilk ev, bulvarın uzadılması və dəbdəbə

Zadəgan ailəsinin dəbdəbəli həyatı Bakının o dövrkü aristokrat dairələrində dillər əzbəri idi. Xeyransa xanım Bakıda üzü dənizə baxan ilk evin sahibəsi oldu. Hazırda Qız qalasının yanında yerləşən bu bina xüsusi sifarişlə İtaliyadan dəvət olunan memar tərəfindən 1912-ci ildə Roma, qotik və modern üslubunda inşa edilmişdi.

Hacınski ailəsi həmçinin Bakı Bulvarının inkişafına milyonlarla vəsait xərcləmiş, bulvarın o zaman yalnız Kukla Teatrından “Azneft” meydanına qədər olan hissəsini daha da genişlətdirmişdi.

Ailənin 4 övladı dünyaya gəlmişdi:
Sadıq bəy, Əhməd bəy, Əli bəy və Zibeydə xanım.

Oğullardan Sadıq bəy geyim tərzi ilə Bakıda məşhur idi – hətta camaat onun paltarının rənginə baxıb həftənin gününü təxmin edirdi. O, həmçinin kasıb sinif yoldaşlarının təhsil haqqını ödəyir, onlara geyim və dəftər-kitab alırdı.

Milyonlardan kasıblığa gedən yol

Ailənin xoşbəxt günləri uzun sürmədi. 1918-ci ilin Mart qırğınları zamanı evlərinə və bizneslərinə dəyən ağır zərbə İsa bəy Hacınskinin səhhətinə ciddi təsir göstərdi. O, 1919-cu il yanvarın 22-də dünyasını dəyişdi.

Bir ildən sonra – 1920-ci ildə Sovet işğalı baş verdi. Mülklər müsadirə edildi. Üç oğul Fransaya qaçsa da, Xeyransa xanım və qızı Zibeydə Bakını tərk etməməyi qərara aldılar. Bu qərar onların həyatının ən ağır səhvi oldu.

24 saat ərzində ailəyə məxsus bütün imarətlərdən qovuldular. Sığınacaq tapmaq üçün Mərdəkandakı bağ evinə üz tutdular, lakin bir həftə sonra oradan da çıxarıldılar. Kasıb qohumlar belə onlara kömək etmək istəmədi – halbuki vaxtilə həmin qohumları varlı günlərində Xeyransa xanımın ailəsi himayə etmişdi.

Yalnız uzaq qohumlardan biri ana-balaya bir otaqlı mənzildə sığınacaq verdi. Ailə dramı bununla bitmədi:

Böyük oğul Sadıq bəy 1920-ci ildə Fransaya mühacirət etdi, 1940-cı ildə Parisdə vəfat etdi.

Əhməd bəy 1926-cı ildə Müsavatın gizli təşkilatının üzvü kimi həbs olunaraq sürgün edildi, 1937-də yenidən tutulub güllələndi.

Əli bəy barədə isə Fransaya köçdükdən sonra heç bir məlumat qalmadı.

Xeyransa xanım və qızı Zibeydə həyatlarının qalan hissəsini kasıblıq içində, tək və unudulmuş şəkildə yaşadılar.

Reklam