Bakıda və Abşeronda bir sıra evlər və binalar məcburi köçürüləcək

Bakıda və Abşeronda bir sıra evlər və binalar məcburi köçürüləcək

Cəmiyyət 12.01.2026 16:36 35

Bakıda və Abşeron yarımadasında bir sıra evlərin və binaların məcburi köçürülməsi nəzərdə tutulur.

Milli.az-ın əldə etdiyi məlumata görə, bu barədə artıq işlərə start verilib.

Su, yağış və tullantı sistemlərinin mühafizə zonalarında yerləşən və təhlükəsizliyə təsir edən evlərin və binaların məcburi köçürülməsi planlaşdırılır.

Artıq məsələ ilə bağlı siyahı hazırlanır. Hazırlanmış siyahı Su Ehtiyatları Agentliyi tərəfindən Nazirlər Kabinetinə təqdim ediləcək. Qərar Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra icra olunacaq.

***

Su, yağış və tullantı sistemlərinin mühafizə zonaları üzrə inventarlaşdırmanın aparılması, həmçinin müvafiq qurumlarla bərabər normativ hüquqi aktların tələblərinə uyğun olaraq mühafizə zonalarının fəaliyyətinə dair tədbirlərin görülməsi zəruridir. Nazirlər Kabinetinə siyahı təqdim edilməklə bir çox yerlərdə məcburi köçürmələr olacaq.

Az24.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə deyib.

Onun sözlərinə görə, bəzi magistral kanallara əlçatanlığımız olmadığı üçün bəzi yerlərdə bu köçürmələrə də ehtiyac olacaq: “Su təsərrüfatı obyektlərinə qanunsuz müdaxilə hallarının qarşısının alınması ilə əlaqədar Sizin bu yaxınlarda imzaladığınız Sərəncamla bəzi qaydalar artıq qüvvəyə minir. Bununla əlaqədar biz bəzi işləri də bu ayın sonuna qədər Nazirlər Kabinetinə təqdim edəcəyik və bu da bizim işimizin daha da inkişaf etməsinə yol açacaq. Su və su təsərrüfatı obyektlərinin kimyəvi, bioloji, hidroloji və digər çirklənmələrdən mühafizə tədbirlərinin həyata keçirilməsi – bütün bunlar dediyimiz kimi, dövlət proqramı, sadəcə, investisiya ilə əlaqəli tədbirləri nəzərdə tutur. Bu, həm də bizim istismar qurumlarımızın, xidmətlərimizin 10 il boyunca həm öz işlərinin təkmilləşdirilməsinə, həm də gündəlik istismar işlərinin daha da genişləndirilməsinə yol açacaq. Bu tədbirləri nəzarətdə saxlayaraq biz 10 il ərzində bütün bu sistemlərin Avropa standartları səviyyəsinə çatdırılmasını nəzərdə tutmuşuq”.

Qeyd edək ki, yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib.

Reklam