Bayramda sağlam qidalanmanın QIZIL QAYDALARI

Bayramda sağlam qidalanmanın QIZIL QAYDALARI

Sağlamlıq 21.12.2025 15:15 43

Bayramlar bolluq, süfrə bərəkəti və bir araya gəlmək deməkdir. Lakin bu bolluq çox zaman ölçüsüz qidalanma, mədə-bağırsaq problemləri, halsızlıq və peşmanlıqla nəticələnir. Əslində isə bayram süfrəsindən zövq almaq üçün sağlamlıqdan imtina etməyə ehtiyac yoxdur. Düzgün seçimlər və balanslı yanaşma ilə həm bayram əhvalını qorumaq, həm də orqanizmə zərər verməmək mümkündür.

Ən çox edilən səhvlərdən biri bayram süfrəsində çox yeməmək üçün əvvəlcədən ac qalmaqdır. Bu, əks təsir göstərir və süfrə arxasında nəzarətsiz yeməyə səbəb olur. Bayrama qədər gün ərzində yüngül, lakin qidalandırıcı yeməklər qəbul etmək, kifayət qədər su içmək iştahanı tənzimləyir və həddindən artıq yeməyin qarşısını alır.

Bayram süfrəsinə birbaşa ağır və yağlı yeməklərlə başlamaq mədəni yükləyir. Daha doğru seçim süfrəni təzə tərəvəzlər, mövsümi salatlar, göyərti və yüngül qəlyanaltılarla açmaqdır.

Bu cür başlanğıc həzmi asanlaşdırır və əsas yeməklərin miqdarını avtomatik azaldır.

Bayram süfrəsində seçim edərkən əsas diqqət bişirmə üsuluna və porsiya ölçüsünə yönəlməlidir.

Qızardılmış, çox yağlı yeməklər əvəzinə sobada bişmiş, qaynadılmış və ya buğda hazırlanmış ət yeməkləri daha uyğundur. Toyuq, hinduşka, balıq kimi yüngül protein mənbələri həzm üçün daha rahatdır.

Mayonezli və ağır souslu salatlar əvəzinə zeytun yağı, limon şirəsi, qatıqla hazırlanan salatlara üstünlük verilməlidir. Bu həm kalorini azaldır, həm də vitamin və lif qəbulunu artırır.

Bayram süfrəsində şorbanın olması mədəni rahatladır. Xüsusilə tərəvəz və ya ət bulyonlu yüngül şorbalar yaxşı seçimdir.

Bayram şirniyyatsız olmaz. Lakin burada əsas prinsip az, amma keyfiyyətli yeməkdir. Şirniyyatı əsas yeməkdən dərhal sonra deyil, bir qədər fasilədən sonra və kiçik porsiyada yemək daha düzgündür. Şərbətli, çox yağlı şirniyyatlar yerinə ev üsulu hazırlanmış, nisbətən yüngül desertlərə üstünlük vermək tövsiyə olunur.

Qazlı və çox şirin içkilər bayram süfrəsinin gizli təhlükəsidir. Onlar həm iştahanı artırır, həm də həzmi çətinləşdirir.

Bayram günlərində içki olaraq adi və ya mineral su, bitki çaylarına üstünlük verin. Unutmayın ki, bəzən beynimiz aclıqla susuzluğu qarışdırır. Süfrəyə əyləşməzdən əvvəl kifayət qədər su içmək çox yeməyin qarşısını ala bilər.

Qan şəkərinin kəskin dəyişməsinə səbəb olan şirin içkilərdən çəkinmək qəti tövsiyə olunur.

Alkoqol — yalnız ölçülü miqdarda və toxqarına qəbul edilməlidir. Acqarına alkoqol iştahanı artırır, nəzarət hissini azaldır və qaçılmaz olaraq çox yeməyə gətirib çıxarır.

Bayram təkcə süfrə arxasında keçməməlidir. Qısa gəzintilər, evdə hərəkətlilik, ailə ilə açıq havada vaxt keçirmək maddələr mübadiləsini sürətləndirir və ağır yeməklərin təsirini azaldır.

Xüsusilə mədə-bağırsaq problemi olanlar, şəkərli diabet və təzyiqdən əziyyət çəkənlər, yaşlılar və uşaqlar bayram süfrəsində daha seçici olmalıdır. Onlar üçün yağlı, çox şirin və ağır yeməklər risklidir.

Dəniz

Reklam