Bakıda GÜCLÜ PARTLAYIŞ: Yaralılardan biri öldü – YENİLƏNİR

Bakıda GÜCLÜ PARTLAYIŞ: Yaralılardan biri öldü – YENİLƏNİR

Hadisə 09.12.2025 17:24 291

Bakıxanov qəsəbəsində evdə baş verən partlayışda xəsarət alanlardan biri ölüb.

Az24.az xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

“Sabunçu Tibb Mərkəzinin I Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən şəxsə bud sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, sol çiyin çıxığı, ağır kəllə-beyin travması, üzün və ətrafların II dərəcəli yanığı diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun ölüm faktı qeydə alınıb”, məlumatda deyilir.

***

Xəbər verildiyi kimi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Bu barədə Az24.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Partlayış nəticəsində sahəsi təxminən 12 kv.m olan hovuz üçün nəzərdə tutulmuş beton örtükdən ibarət tikilinin beton konstruksiyaları dağılıb.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 10:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb: “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, digər şəxs (kişi) isə travma və yanıq diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.

***

Sabunçu rayon Bakıxanov qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib.

Az24.az FHN-ə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə bu barədə ilkin məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Sabunçu rayonunda fərdi yaşayış evində partlayış olub.

Az24.az qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Siyavuş Məhərrəmov küçəsində (72 saylı məktəbin yaxınlığı) baş verib.

Hadisənin qazsızmadan baş verdiyi bildirilir. Dağıntılar altında qalanların olduğu deyilir.

Reklam