Bakıda dəhşətli YANĞIN: 4 nəfər həlak oldu – VİDEO – YENİLƏNİB

Bakıda dəhşətli YANĞIN: 4 nəfər həlak oldu – VİDEO – YENİLƏNİB

Hadisə 05.12.2025 09:03 104

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

AZ24.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanğının baş vermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub.

Hadisə nəticəsində əmələ gələn tüstüdən 4 nəfər (onlardan 2-si azyaşlıdır) boğularaq ölüb.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

AZ24.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri, təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub.

Yanğının artıq söndürüldüyü bildirilir və hansı səbəbdən baş verməsi ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən, digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Yaşayış binasında yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

Hadisə yerində insanların təhlükəsiz şəkildə təxliyəsi, ərazinin nəzarətə götürülməsi və yanğınsöndürənlərin maneəsiz fəaliyyətinin təmin edilməsi istiqamətində operativ tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.

Reklam