Bakıda 42 manata tarakan, 40 manata hörümçək satılır

Bakıda 42 manata tarakan, 40 manata hörümçək satılır

Cəmiyyət 04.12.2025 23:21 31

Bir vaxtlar yalnız mətbəximizin qaranlıq künclərində, köhnə binanın zirzəmisində, ya da qonşu binanın zibil qutusunda rast gəldiyimiz tarakan və hörümçəklər indi Bakının onlayn-şoplarının ən ön bölümünə çıxıb. Bəli, yanlış oxumadınız!

Az24.az xəbər verir ki, paytaxtda biri 42 manata tarakan, 39 manat 99 qəpiyə isə hörümçək satılır. Üstəlik mağaza müştərini itirməmək üçün həşəratların qiymətini aylara bölüb ödəmə kampaniyasını belə tətbiq edib.

Yəni istər tarakan, istərsə də hörümçək almaq istəsəniz, pulunu hissə-hissə də ödəməklə ala bilərsiniz. Bir zamanlar evdar xanımların əlində çimdik duz, kişilərin əlində çapar tapdalaya-tapdalaya qovduğu bu həşəratlar indi rəsmi olaraq “ev heyvanı” kateqoriyasında təsnif edilir. Tarakanlar, iri hörümçəklər uşaqların “ev dostu” kimi təqdim olunur.

Həşərat biznesi elə uşaqların marağı üzrə genişlənməkdədir. Maraqlıdır ki, həşərat satışına reaksiyalar 2 qütbə bölünüb. Bir qisim deyir ki, bu şəhərdə artıq hər şey mümkündür, istəsən tarakanı da kreditlə ala bilərsən. Digərləri isə məsələni zarafatla qarşılayır. Radioelektron idarə pultu olan oyuncaq həşəratlar çox real görünür. Amma daha maraqlısı odur ki, tarakan da, hörümçək də müstəqil şəkildə hərəkət edə bilir və bədənindəki iki kiçik sahə işıqlanır. Uşaq hərəkətlərini miniatür pultdan istifadə edərək idarə edə bilir. Hazırda Bakıda belə oyuncaq tarakan və hörümçək bazarı formalaşmaqdadır. Həyatın ironiyası da elə budur. Bir vaxtlar evimizdən qovduğumuz həşəratlar indi üstümüzə aylıq ödənişlə geri qayıdır. (musavat)

Reklam