Bakı və Abşeronda məcburi köçürmələr – Kompensasiya hansı əsaslarla ödəniləcək? – DETALLAR
Xəbər verdiyimiz kimi, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı və Abşeron yarımadası ərazisində məcburi köçürmələrin olacağını açıqlamışdı.
Bu məsələ cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Xüsusilə bu ərazilərdə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinə kompensasiyanın hansı əsaslarla ödəniləcəyi və sənədli-sənədsiz tikililərə münasibət suallara səbəb olur.
AZ24.az bildirir ki, mövzu ilə bağlı Day.Az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Palatasının Hüquq şöbəsinin rəhbəri, əmlak hüququ üzrə ekspert Sübhan Rəsulzadə bildirib ki, su, yağış və tullantı sistemlərinin mühafizə zonalarında yerləşən ev və tikililərin sökülməsi zamanı kompensasiya mexanizmi mütləq şəkildə Azərbaycan Respublikasının Konstitusiyası və mövcud mülki qanunvericiliyin tələbləri əsasında həyata keçirilməlidir: “Konstitusiyanın 29-cu maddəsi mülkiyyət hüququnun toxunulmazlığını təmin edir və dövlət ehtiyacları üçün özgəninkiləşdirməyə yalnız əvvəlcədən, ədalətli və real bazar dəyərinə uyğun kompensasiya ödənilməsi şərti ilə yol verir. Bu prinsip “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203, 207 və 248-ci maddələrində konkret hüquqi mexanizmlərlə təsbit olunub”.

Ekspert vurğulayıb ki, sənədləri tam qaydasında olan yaşayış və qeyri-yaşayış obyektləri üzrə kompensasiya yalnız tikilinin fiziki dəyəri ilə məhdudlaşmamalıdır. Bu zaman tikilinin yerləşdiyi torpaq sahəsi, mühəndis və kommunikasiya şəbəkələrinə qoşulma imkanları, əmlakdan istifadənin dayandırılması nəticəsində yaranan itkilər, köçürülmə ilə bağlı xərclər və mülkiyyətçinin əmlakdan iqtisadi fayda əldə etmək imkanlarının itirilməsi də qiymətləndirməyə daxil edilməlidir. Bütün bu hesablamalar yalnız müstəqil və sertifikatlı qiymətləndiricilər tərəfindən aparılmalı, kompensasiya real bazar şəraitini əks etdirməlidir”.
Sübhan Rəsulzadənin sözlərinə görə, sənədsiz tikililər kompensasiya mexanizmlərindən avtomatik şəkildə kənarlaşdırılmır: “Bu hallarda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq tikilinin faktiki mövcudluğu, uzun müddət fasiləsiz istifadə edilməsi, kommunal və mühəndis şəbəkələrinə qoşulması, eləcə də bələdiyyə və icra strukturlarının tikiliyə uzunmüddətli faktiki münasibəti kimi hallar hüquqi baxımdan qiymətləndirilməlidir. O qeyd edib ki, bu yanaşma artıq Azərbaycan məhkəmə təcrübəsində formalaşmış hüquqi mövqelərlə də uyğunlaşır və hər bir iş üzrə fərdi hüquqi qiymətləndirmə aparılmasını zəruri edir”.

O əlavə edib ki, Nazirlər Kabineti tərəfindən qəbul ediləcək qərarlarda sənədli və sənədsiz tikililərin fərqləndirilməsi üçün açıq, ölçülə bilən, hüquqi cəhətdən əsaslandırılmış və hamı üçün bərabər tətbiq edilən meyarlar əvvəlcədən ictimaiyyətə təqdim edilməlidir: “Eyni zamanda kompensasiya ödənişi, alternativ yaşayış sahəsinin verilməsi və ya mərhələli köçürmə mexanizmləri aydın və icraolunan formada müəyyən olunmalıdır. Yalnız hüquqi müəyyənlik, şəffaflıq və proqnozlaşdırıla bilən mexanizmlər bu cür həssas söküntü prosesinin sosial gərginlik yaratmadan və dövlət-vətəndaş münasibətlərinə zərər vermədən həyata keçirilməsini təmin edə bilər”. – deyə, Rəsulzadə fikrini tamamlayır.
Reklam
Oxşar xəbərlər
Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi
Prezident onu vəzifədən azad etdi – Yeni TƏYİNAT
Azərbaycana dondurucu qış gəlir – Bakı üçün xəbərdarlıq edildi
20 dərəcə şaxta olacaq – Bu tarixdə
Bakıya bu tarixdə qar yağacaq
Metroda bu halda əlavə ödəniş tələb olunacaq – YENİ QAYDA
“Azərbaycan Nəşriyyatı” bağlanır