Azərbaycanda qiyabi təhsil tamamilə ləğv olunacaq?

Azərbaycanda qiyabi təhsil tamamilə ləğv olunacaq?

Cəmiyyət 26.11.2025 21:12 1

Son illərdə Azərbaycanda ali təhsil sistemində müəyyən dəyişikliklər edilib. Məsələn, əgər ötən onilliklərdə ali məktəblərdə əyani, qiyabi və axşam tədrisi paralel şəkildə mövcud idisə, artıq bir çox ixtisaslarda qiyabi təhsilalma forması ləğv edilib.

Həmçinin, illərlə mövcud olan axşam dərsləri tamamilə yığışdırılıb. Axşam təhsili bir zamanlar işləyən şəxslər üçün yeganə çıxış yolu kimi görünürdüsə, günümüzdə bu yükü kompensasiya edəcək alternativlər, onlayn modul dərsləri, fərdi tədris planları, blended learning (qarışıq təhsil) modelləri daha praktik və səmərəli hesab olunur. Bu səbəbdən də axşam tədrisi mərhələli şəkildə ləğv edildi və sistemdən çıxarıldı.

Qiyabi təhsilin ləğvində ən mühüm dönüş nöqtələrindən biri isə 2014-cü ildən etibarən magistratura pilləsində qiyabi təhsil formasının rəsmi olaraq dayandırılması oldu. Bu qərar magistratura səviyyəsinin elmi-tədqiqat yönümlü olması, tələbədən daha yüksək peşəkar hazırlıq və iştirak tələb etməsi ilə əsaslandırılırdı. Yəni, qiyabi təhsil magistraturanı keyfiyyətli şəkildə təmin edə bilmədiyi üçün tam əyani modelə üstünlük verildi.

Hazırda isə bu mövzuda geniş müzakirə olunan məsələ qiyabi təhsilin ümumilikdə tam ləğv edilə biləcəyi ehtimalı ilə bağlıdır. Cəmiyyətdə bu mövzuda həm dəstək, həm də narahatlıq var. Dəstək göstərənlər hesab edirlər ki, qiyabi təhsil keyfiyyət baxımından əyani formadan geri qalır, tələbənin dərs prosesi ilə real əlaqəsi zəif olur və bəzi hallarda formal xarakter daşıyır. Lakin əks mövqedə olanlar bildirirlər ki, ölkədə müəyyən yaşda təhsilə qayıdanlar, işləyən şəxslər və regionlardan gələn gənclər üçün qiyabi təhsil vacib sosial imkan rolunu oynayır. Onların fikrincə, qiyabi təhsilin tam ləğvi həmin sosial qrupların ali təhsil əldə etməsini çətinləşdirə bilər.

Bəs qiyabi təhsil ümumilikdə tam ləğv edilə bilərmi?

Mövzu ilə bağlı təhsil mütəxəssisi Kamran Əsədov Musavat.com-a danışıb. Mütəxəssisin fikrincə, əslində problem qiyabi təhsilin mövcudluğu deyil, onun indiki modelinin keyfiyyət baxımından köhnəlmiş olmasıdır:

“Ona görə də qiyabi təhsilin ləğvi məsələsini doğru qiymətləndirmək üçün həm hüquqi çərçivə, həm statistika, həm də dünya təcrübəsi nəzərə alınmalıdır.

Statistika göstərir ki, hazırda Azərbaycanda ali təhsil alan tələbələrin təxminən 30 faizini qiyabi təhsil üzrə oxuyanlar təşkil edir. Bu göstərici regionlardan gələn və eyni zamanda işləyən tələbələr arasında daha yüksəkdir, bəzi universitetlərdə bu pay 40 faizə qədər yüksəlir. Bu rəqəmlər sübut edir ki, qiyabi təhsil strukturu ölkədə sosial mobillik üçün real rol oynayır. “Təhsil haqqında” Qanunun 9.1-ci maddəsində ali təhsilin müxtəlif formalarının – əyani, qiyabi, distant və sərbəst təhsil modellərinin vətəndaşların fərdi imkanlarına uyğun olaraq təşkil edilməsi dövlətin öhdəliyi kimi müəyyən olunur. Qiyabi təhsilin hüquqi əsasının mövcudluğu və bu müddəanın dəyişdirilməməsi onu göstərir ki, qanunverici orqan təhsil formasının tam ləğvini deyil, onun keyfiyyətinin artırılmasını prioritet hesab edir”.

Kamran Əsədov qiyabi təhslin mənfi tərəfləri haqda da danışıb:

“Qiyabi təhsilin keyfiyyət məsələsi danılmaz problemdir. Bir çox hallarda tələbə–müəllim əlaqəsi zəif olur, dərs prosesinin monitorinqi çətinləşir, qiymətləndirmə mexanizmləri daha çox formal xarakter daşıyır. Beynəlxalq müqayisələr göstərir ki, klassik qiyabi forma dünyanın bir çox ölkəsində artıq transformasiya olunub. Məsələn, Polşa, Litva, Çexiya və Türkiyədə qiyabi təhsilin böyük hissəsi “distant-hibrid” modelə keçirilib. Bu ölkələrdə tələbələr dərsə fiziki olaraq az gəlsələr də, real tədris fəaliyyəti elektron platformalar üzərindən aparılır, qiymətləndirmə isə tam nəzarətli və daha sərt qaydalarla həyata keçirilir. ABŞ-un ali təhsil sistemində qiyabi forma faktiki olaraq “onlayn modul təhsili” ilə əvəz edilib və studentlərin 60 faizi heç olmasa bir fənni distant alır. Bu modellərdə qiyabi forma ləğv olunmur, sadəcə modernləşdirilir.

Azərbaycan üçün də eyni yanaşma daha rasional görünür. Çünki qiyabi təhsilin tam ləğvi regionlarda yaşayan, ailəli olan, işlə paralel oxuyan və gec yaşda təhsilə qayıdan on minlərlə insanı ali təhsil imkanından uzaqlaşdıra bilər. Bunun sosial nəticəsi təkcə təhsil deyil, həm də əmək bazarında qeyri-rəsmi biliklə işləyən işçilərin artması, peşə inkişafının zəifləməsi və regional inkişafın ləngiməsi ola bilər. Odur ki, ləğv etməkdən daha çox, modeli dəyişmək ən sağlam həll yoludur.

Elm və Təhsil Nazirliyi son illərdə ali təhsil sistemində çevik formaların tətbiqi, distant təhsilin hüquqi bazasının genişləndirilməsi və universitetlərin rəqəmsal tədris platformaları qurmasına dəstək verilməsi baxımından mühüm addımlar atıb. Bu siyasət qiyabi təhsil sisteminin də mərhələli şəkildə hibrid modelə keçməsi üçün çox ciddi baza yaradır və bu istiqamətdə atılan addımlar doğru və rasionaldır. Nazirliyin rəqəmsallaşma xətti göstərir ki, ali təhsildə alternativ tədris modelləri artıq strateji prioritetə çevrilib və bu, gələcəkdə qiyabi təhsilin daha müasir formada davam etməsinə imkan verəcək”.

Kamran Əsədovun fikrincə, dəyişəcək əsas məsələ qiyabi təhsilin mövcudluğu yox, onun formasının yenilənməsi olmalıdır:

“Qiyabi təhsilin tam ləğvi qısamüddətli dövrdə sosial və regional bərabərsizliyi artırar, lakin hibrid və distant modellərin tətbiqi keyfiyyəti yüksəldər, tələbəni dərs prosesinə real şəkildə bağlayar və əmək bazarına daha hazırlıqlı kadrlar çıxar. Dəyişməli olan sistemdir, forma yox. Modernləşdirilmiş qiyabi model – elektron tədris, modul əsaslı proqramlar, nəzarətli qiymətləndirmə və minimum fiziki iştirakla Azərbaycan ali təhsilinin həm keyfiyyətini, həm də əlçatımlığını qoruyan ən optimal yol kimi görünür. Elm və Təhsil Nazirliyinin son illərdə apardığı islahatlar bu istiqamətin reallaşması üçün kifayət qədər güclü əsas yaradıb”.

Reklam