Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür

Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür

Cəmiyyət 12.12.2025 00:00 27

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il keçir. Ulu Öndərin xatirəsi ölkəmizdə və xarici ölkələrdə böyük ehtiramla anılır.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. O, 1944-cü ildən təhlükəsizlik orqanlarında xidmətə başlayıb, 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri təyin edilib və general-mayor rütbəsinə yüksəlib. Həmin dövrdə Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

1969-cu ilin iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olaraq SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Heydər Əliyev 1987-ci ilin oktyabrında SSRİ rəhbərliyinin siyasi xəttinə etiraz olaraq tutduğu yüksək vəzifələrdən istefa verib. 1990-cı il 20 Yanvar faciəsindən sonra o, Moskvada Azərbaycanın nümayəndəliyində bəyanatla çıxış edərək, günahkarların cəzalandırılmasını tələb edib. Qarabağ münaqişəsi ilə bağlı SSRİ rəhbərliyinin ədalətsiz mövqeyinə etiraz olaraq, 1991-ci ildə Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ildə Azərbaycana qayıdan Heydər Əliyev əvvəl Bakıda, daha sonra Naxçıvanda yaşayıb və həmin il Azərbaycan Ali Sovetinə deputat seçilib. 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri və Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini vəzifələrində çalışıb. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev, iyunun 24-də Milli Məclisin qərarı ilə Prezident səlahiyyətlərini icra etməyə başlayıb. 1993-cü il oktyabrın 3-də və 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il prezident seçkilərində iştirakdan səhhəti ilə bağlı imtina edən Heydər Əliyev ABŞ-ın Klivlend Klinikasında müalicə alırdı. Ulu Öndər 2003-cü il dekabrın 12-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Reklam