Prezidentin orden verdiyi Tofiq Bakıxanov kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev görkəmli bəstəkar, professor Tofiq Bakıxanovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunması barədə Sərəncam imzalayıb.
Az24.az xəbər verir ki, Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda tanınmış tarzən, Azərbaycanın Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya gəlib. Musiqi mühitində böyüməsi onun gələcək yaradıcılıq yolunun formalaşmasına mühüm təsir göstərib.
O, musiqi təhsilinə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik musiqi məktəbində başlayıb. Skripka üzrə təhsilini Əməkdar müəllim M.İ. Simberovun sinfində alıb. Daha sonra Bakı Dövlət Konservatoriyasında iki ixtisas üzrə – skripka (professor Aleksandr Amitonun sinfi) və bəstəkarlıq (professor Qara Qarayevin sinfi) üzrə təhsilini davam etdirib. 1953-cü ildə skripka, 1957-ci ildə isə bəstəkarlıq ixtisası üzrə məzun olub.
Tələbəlik illərində ifaçılıq fəaliyyəti ilə məşğul olan Tofiq Bakıxanov Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan radiosunun simfonik orkestrinin solisti kimi çıxış edib.
Bəstəkarın yaradıcılığında xüsusilə kamera-instrumental və simfonik janrlar üstünlük təşkil edir. O, Azərbaycan musiqisinin inkişafına dəyərli töhfələr verən çoxsaylı əsərlərin müəllifidir. Bunlara üç balet – “Xəzər balladası”, “Şərq poeması”, “Xeyir və Şər”; bəstəkar Nəriman Məmmədovla birgə yazdığı musiqili komediyalar, tar və müxtəlif alətlər üçün 25 konsert, 20 sonata, 8 simfoniya, 5 simfonik muğam (“Nəva”, “Şahnaz”, “Rahab”, “Humayun”, “Dügah”), 6 simfonik poema, həmçinin 100-dən çox mahnı və romans daxildir.
Tofiq Bakıxanov yarım əsrdən artıqdır ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir. Onun xidmətləri müxtəlif orden və fəxri adlarla qiymətləndirilib:
-
1973 – “Azərbaycan SSR əməkdar incəsənət xadimi”
-
1983 – professor
-
1990 – “Azərbaycan SSR xalq artisti”
-
1994–2000 – Abbasqulu ağa Bakıxanov mükafatı laureatı
-
2000 – “Şöhrət” ordeni
-
2021 – “Şərəf” ordeni
-
2002-ci ildən Prezident təqaüdçüsü
Bəstəkarın əsərləri Paris, Moskva, Tbilisi, İstanbul, İzmir, Tehran və Bolqarıstanda keçirilən beynəlxalq festivallarda səsləndirilib, müəllif konsertləri ilə geniş tanınıb.
Tofiq Bakıxanov haqqında resenziyalar, monoqrafiyalar yazılıb, sənədli televiziya filmi çəkilib. O, Azərbaycan musiqi mədəniyyətinin inkişafına böyük töhfələr vermiş nadir sənətkarlarımızdan biridir.
Reklam
Oxşar xəbərlər
Pensiyaçılara ŞAD XƏBƏR: Ödənildi
TƏCİLİ – Azərbaycanda zəlzələ oldu
Metroda məsafəyə görə ödəniş sisteminə keçidlə bağlı RƏSMİ AÇIQLAMA
Saat 15:00-dək sənədləri təqdim etməsələr, ləğv ediləcək – Valideynlərə XƏBƏRDARLIQ
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı