Klaustrofobiya nədir? – Səbəbləri və müalicəsi

Klaustrofobiya nədir? – Səbəbləri və müalicəsi

Sağlamlıq 02.12.2025 22:42 6

Klaustrofobiya insanların lift, dar otaq, tunel, pəncərəsiz məkanlar, zirzəmilər, təyyarə kabinləri və ya sıx nəqliyyat vasitələri kimi qapalı və dar yerlərdə güclü qorxu və narahatlıq hiss etməsi ilə xarakterizə olunan psixoloji pozuntudur. Bu vəziyyətdə insan sanki havasız qalırmış kimi hiss edir, sinəsində sıxılma, başgicəllənmə və ürək döyüntülərinin sürətlənməsi baş verə bilər.

Bəzi hallarda bu qorxu panik ataka çevrilir. İnsan real təhlükə olmasa belə, özünü təhlükə altındaymış kimi hiss edir və həmin məkandan dərhal çıxmaq istəyir. Bu isə gündəlik həyatda ciddi narahatlıqlar yaradır.

Psixoloqlar bildirir ki, klaustrofobiya çox zaman keçmişdə yaşanan travmatik hadisələrlə əlaqəli olur. Məsələn, uşaqlıqda qapalı yerdə qalmaq, liftin sıradan çıxması, qaranlıq otaqda tək qalmaq və ya boğulma ilə bağlı qorxulu bir vəziyyət yaşamaq bu fobiyanın yaranmasına səbəb ola bilər. Həmçinin uzunmüddətli stress, anksiyete pozuntusu və genetika da bu prosesdə rol oynaya bilər.

Klaustrofobiya insanın sosial həyatına da təsir edir. Bəzi insanlar liftli binalarda işləməkdən, təyyarə ilə səyahət etməkdən və ya qapalı məkanlarda keçirilən tədbirlərdə iştirak etməkdən imtina edir. Bu qorxu zamanla insanın özünə inamını azalda və depressiyaya gətirib çıxara bilər.

Mütəxəssislər vurğulayır ki, klaustrofobiya müalicə olunandır. Ən effektiv üsullardan biri psixoterapiyadır. “KT” (kognitiv-davranış terapiyası) vasitəsilə insan qorxusunun səbəbini anlayır və addım-addım onun üzərindən gəlməyi öyrənir. Nəfəs məşqləri, relaksasiya texnikaları və bəzi hallarda həkim nəzarətində dərman müalicəsi də müsbət nəticə verir.

Həkimlər tövsiyə edir ki, bu cür simptomları olan şəxslər problemi gizlətməsin və vaxtında mütəxəssisə müraciət etsin. Erkən diaqnoz və düzgün yanaşma ilə klaustrofobiyanı nəzarət altına almaq mümkündür.

Aslan

Reklam