İndoneziyada təbii fəlakət: 164 nəfər öldü, onlarla kənd su altında qaldı

İndoneziyada təbii fəlakət: 164 nəfər öldü, onlarla kənd su altında qaldı

Dünya 29.11.2025 10:16 18

İndoneziyanın Sumatra adasında baş verən güclü daşqınlar və torpaq sürüşmələri fəlakətli nəticələrə səbəb olub. Rəsmi məlumatlara görə, cümə günü etibarilə ölənlərin sayı 164 nəfərə çatıb, 79 nəfər isə hələ də itkin düşmüş sayılır.

Az24.az xəbər verir ki, bölgədə yolların və körpülərin dağıdılması, həmçinin ağır texnikanın çatışmazlığı xilasedicilərin işinin ciddi şəkildə çətinləşdirib.

Musson yağışları çərşənbə axşamı Şimali Sumatra əyalətində çayların daşmasına gətirib çıxarıb. Nəticədə dağ kəndləri tamamilə su altında qalıb, sakinlər təxliyə olunub və 3200-dən çox ev zərər görüb.

Təxminən 3000 ailə hökumətin təşkil etdiyi müvəqqəti sığınacaqlara yerləşdirilib. Şimali Sumatrada ölənlərin sayı 116 nəfərə, Açeh bölgəsində isə 25 nəfərə çatıb. Milli Fəlakətlərin Azaldılması Agentliyinin rəhbəri Suharyanto bildirib ki, xilasedicilər Qərbi Sumatra əyalətində də 23 şəxsin cəsədini tapıblar.

Axtarış-xilasetmə işləri çətin hava şəraitinə və ərazinin dağıntılarına baxmayaraq davam etdirilir.

Reklam