Qan testi ilə ölüm riskini 10 il əvvəl öyrənmək olacaq – YENİ KƏŞF

Qan testi ilə ölüm riskini 10 il əvvəl öyrənmək olacaq – YENİ KƏŞF

Sağlamlıq 26.11.2025 20:40 1

Surrey Universitetinin (Böyük Britaniya) alimləri insanın vaxtından əvvəl ölüm riskini yüksək dəqiqliklə əvvəlcədən müəyyən etməyə imkan verən mühüm elmi kəşfə imza atıblar.

Az24.az xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatçılar qanda səviyyəsi artdıqda ölüm ehtimalıyla ən güclü əlaqəsi olan 5 əsas zülalı müəyyən ediblər: PLAUR, SERPINA3, CRIM1, DDR1 və LTBP2.

Bu kəşf UK Biobank layihəsi çərçivəsində 38 min nəfərin qan nümunələrinin genişmiqyaslı təhlili ilə əldə edilib. Tədqiqat nəticələri göstərib ki, bu zülalların səviyyəsi yüksəldikdə insanın növbəti 5–10 il ərzində ölüm riski əhəmiyyətli dərəcədə artır. Üstəlik, bu göstəricilər yaş, siqaret istifadəsi, xroniki xəstəliklər kimi risk faktorları nəzərə alındıqdan sonra belə öz etibarlığını qoruyub.

Alimlərin sözlərinə görə, bu zülallar orqanizmdə gedən gizli dəyişiklikləri – iltihab proseslərini, toxuma zədələnmələrini və hüceyrə səviyyəsində pozğunluqları – xəstəlik kliniki olaraq özünü göstərmədən əvvəl “xəbər verə bilir”. Bu isə gələcəkdə daha təsirli profilaktika və erkən müdaxilə imkanları yaradır.

Mütəxəssislər hesab edirlər ki, yaxın illərdə bu tapıntı “ölüm riski profili” adlandırılan yeni qan testlərinin yaradılmasına səbəb ola bilər. Bu testlər həkimlərə risk altında olan insanları vaxtında müəyyən edib, onların sağlamlıq durumuna daha diqqətli nəzarət etməyə kömək edəcək.

Tədqiqatın nəticələri nüfuzlu “PLOS ONE” jurnalında dərc olunub.

Reklam