Süni intellekt insan peşələrini və mədəniyyəti ələ keçirir? – Yeni dövrün başlanğıcı

Süni intellekt insan peşələrini və mədəniyyəti ələ keçirir? – Yeni dövrün başlanğıcı

Maraqlı 21.11.2025 12:34 13

İllərdir ehtimal kimi müzakirə edilən proses bu gün realdır: Suni intellekt musiqi yaradır, mətn yazır, vizual sənəti təqlid edir və yaradıcı peşələrin strukturunu dəyişir.

“AZ24” xəbər verir ki, bu haqda “The New Yorker” jurnalında dərc olunan “A.I. Is Coming for Culture” məqaləsində bəhs edilir.

Məqalənin əsas tezisinə görə, “TikTok”, “Spotify” və “YouTube” kimi platformalar əvvəllər sadəcə məzmun yayımlayan sistemlər idisə, bu gün artıq məzmun yaradan alqoritmik mexanizmlərə çevriliblər. Suni intellekt müxtəlif üslubları kopyalayır, musiqi janrlarını təqlid edir, insan yazı tərzini və səsini emulyasiya edir. Bu isə mədəniyyətin mahiyyətini sual altına qoyur: əgər əsəri yaradan insan deyilsə, o əsərin dəyəri və mənşəyi nədir?

Sahəyə təsir bununla da bitmir. Qrafik dizayn, reklam mətnləri, sosial media kontenti, foto-video emalı və sadə musiqi yaradılması kimi peşələrdə suni intellekt artıq insan əməyindən daha sürətli və daha qənaətcil nəticələr verir. Nəticədə bir çox vəzifələrin ənənəvi forması dəyişir.

Bununla belə, məqalədə vurğulanır ki, suni intellekt mədəniyyəti tam olaraq ələ keçirmir. O, yalnız təqlid edir və prosesləri avtomatlaşdırır. Mədəniyyəti formalaşdıran əsas nüvələr – insan təcrübəsi, duyğu, təsadüf və yaradıcılığın “qeyri-mükəmməl” təbiəti – hələ də alqoritmlərin kənarından gəlir. Suni intellekt bu dəyərləri yalnız səthi şəkildə kopyalaya bilir.

Nəticə isə belədir: Suni intellekt insanı sıradan çıxarmır, sadəcə peşələri yenidən formalaşdırır. Yaradıcı sahələrin gələcəyi insanla alqoritmin birgə işlədiyi yeni model üzərində qurulacaq. Mədəniyyətin mərkəzində insan qalır — amma artıq tək deyil.

Altay

Reklam