az24.az saytı 06.02.2026-ci il tarixindən etibarən, fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır.
SSRİ-nin ilk milyonçusu olan azərbaycanlı niyə dəlixanaya düşdü və ac öldü? – FOTOLAR

SSRİ-nin ilk milyonçusu olan azərbaycanlı niyə dəlixanaya düşdü və ac öldü? – FOTOLAR

Maraqlı 03.02.2026 14:22 111

Cənnət Salman oğlu Əliyev 17 aprel 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndində anadan olub. Uşaqlıq illəri ağır və çətin keçib. Doqquz yaşında atasını itirən Cənnət, Ordubadda, Araz çayının sahilində yerləşən Məhəmməd Füzuli adına internat məktəbində böyüyüb. Orada aclıq və yetkinlik öncəsi çətinliklərlə üzləşib. Öz sözlərinə görə, internatda ən böyük arzusu doyunca yemək olub və bəzən yeməkxanadan çörək oğurladığı üçün döyülüb.

Ali təhsil yoluna Naxçıvan Dövlət Pedaqoji İnstitutunda başlayıb, daha sonra Xalq Təsərrüfatı İnstitutunda təhsilini davam etdirib. Həyatını formalaşdıran dönəmlərdən biri də Rusiyanın Sverdlovski şəhərinə getməsi və Sverdlovski Dövlət Universitetinin Hüquq fakültəsində oxuması olub. Hüquq-mühafizə orqanlarında çalışaraq, rüşvətxorluğa qarşı sərt mövqeyi səbəbindən təqiblərə məruz qalıb və işdən xaric edilib.

1986–1987-ci illər onun həyatında dönüş nöqtəsi olub. Cənnət bir müddət Sverdlovsk vağzalında qalaraq dilənçiliklə məşğul olub, amma SSRİ-də “Yenidənqurma” siyasətinin başlaması ona yeni imkanlar açdı. İqtisadiyyat və hüquq sahəsində biliyi sayəsində 1987-ci ildə uzaq Uralda “Təbriz” kooperativini yaradaraq qısa zamanda SSRİ-nin ilk rəsmi milyonçusu kimi tanındı. Dövrü mətbuatda milyonçu anlayışının peyda olması kommunist təfəkkürünün çöküşü kimi dəyərləndirilib.

Cənnət Əliyev biznes fəaliyyətini klassik təsəvvürlərdən kənarda qurub. Onun milyonçuluğa fındıq qabığı, şaftalı çəyirdəyi və biyan kökü kimi məhsulların ixracı hesabına nail olduğu bildirilir. Yaponiyaya göndərilən fındıq qabıqları preslənərək bahalı mebel istehsalında istifadə olunurdu. Eyni zamanda Azərbaycanda ilk kompüter alveri ilə məşğul olanlardan biri də məhz o olub.

1990-cı il 20 Yanvar faciəsi Cənnət Əliyevin həyatında ağır psixoloji sarsıntı yaratdı. Hadisələr zamanı güllə-borana düşüb, bir həftə sonra Vilnüsə gedərək beynəlxalq mediaya müsahibələr verdi və faciənin dünyaya çatdırılmasına çalışdı. Birinci Qarabağ müharibəsi illərində isə orduya külli miqdarda maddi vəsait ayırdı.

*

Cənnət Əliyev yalnız iqtisadi uğurları ilə deyil, həm də mənəvi və ideoloji sərhədləri zorlayan həyat tərzi ilə tanınıb. O, müxtəlif dövrlərdə xristianlığı qəbul edib, sonra Krişna fəlsəfəsini öyrənərək monax həyatı yaşayıb. 13 ay gecə-gündüz öyrəndiyi bu fəlsəfəni 11 otaqdan ibarət ikimərtəbəli evində ibadətgah kimi istifadə edib. 20 il ərzində şamanizm, yoqa, sufilik və digər dini cərəyanlarla maraqlanıb.

Daha sonra İslam dinini qəbul edən Cənnət, üzərində ayələr yazılmış bayrağı Bakı teleqülləsində dalğalandırıb və 12 metrlik “Zülfüqar” qılıncını Azərbaycan Ordusuna bağışlayıb. 1994-cü ildə Kalmıkiya Respublikasının Yaxın Şərq və Ərəb ölkələri üzrə nümayəndəsi təyin edilib və bir sıra ərəb ölkələrində, o cümlədən Səddam Hüseyn və Bəşər Əsəd hakimiyyətləri ilə görüşlər keçirmişdir.

Mədəniyyət və musiqi sahəsində də fəaliyyəti diqqət çəkib. 1989-cu ildə yaratdığı “Təbriz” ansamblı və “Təbriz” mahnısı Cənubi Azərbaycan həsrətinin simvoluna çevrilib. Mahnının klipi Sverdlovskdə çəkilmiş, 2 km uzunluğunda saxta sərhəd qurularaq vizual metafora yaratmışdı. Klip efirə getdikdən sonra saxta sərhəd yandırılıb həqiqi Araz sərhədinə çəkildi, 20 gün sonra Naxçıvanda sərhədlərin sökülməsi ilə nəticələndi.

Cənnət Əliyevin azərbaycanlı həyat yoldaşından Qalib adlı bir oğlu var. Xanımı öləndən sonra erməni qızı ilə evlənir, ondan uşağı olmur. Qarabağda müharibə başlayanda boşanır. Sonra oğlu ilə tək yaşamağa başlayır.

1989-cı ildən öz təşəbüsü ilə paranormal hadisələrin araşdırılması fəaliyyətinə başlayıb. 2001-ci ildə parapsixoloq diplomu alıb. Uçan Naməlum Obyektlər (UNO) görmüş insanlarla görüşüb və özü də 2005-ci ildə Sverdlovskidə UNO ilə rastlaşdığını elan edib. 2005-ci ildə Leninin ruhu ilə əlaqəyə girmək üçün Ulyanovskidəki evində olub.

Bir müddət sonra Cənnət Əliyev var-dövlətini itirib. O, bunu mafioz qruplar tərəfindən qarət olunması ilə izah edib. Daha sonra isə onun fəaliyyətində yoxlamalar aparılıb və nəticədə Cənnət Əliyev həbs olunub. O, həbsi barədə danışarkən bildirib ki, yoxlamalar icazəsiz aparılıb və əsassız səbəblərlə tutulub. Daha sonra isə Cənnət Əliyev ruhi xəstəxanada müalicə alıb.

Son günlərini xalq təbabəti ilə insanları müalicə etməklə, ibadətlə keçirdi. 30 oktyabr 2014-cü ildə yüksək təzyiq nəticəsində Bakıda vəfat etdi. Ölümündən sonra yaxın dostu İlham xatırlayır ki, dəfnində ansambl üzvlərindən heç biri iştirak etməyib və həqiqi dəfn yeri yalnız yaxın dostları tərəfindən bilinib.

“Onun mənəvi haqqını nəinki krişnaçılar, heç müsəlmanlar da vermədilər. Ömrünün son günlərinə kimi yanında qalan yeganə insan mən olmuşam. Onun həmişə üz tutduğu insan mən olmuşam. Bir dəfə yanıma gəlib dedi ki, İlham, üç gündür çörək yemirəm. Nə qədər desəm də ki, gəl, gedək bizə, yemək hazırlasınlar ye, getmədi. Restoranların birində onun qarnını doyurduq, cibinə pul qoydum. Ansamblın heç bir üzvü Cənnətin dəfnində iştirak etmədi. Nə Şakir Quliyev, nə Musa Musayev, nə də o biriləri. Heç indinin özündə də bilmirlər ki, Cənnət harada dəfn olunub”.

Cənnət Əliyev yalnız SSRİ-nin ilk rəsmi milyonçusu kimi deyil, həm də sərhədləri zorlayan ideyaları, mənəvi axtarışları və həyatında yaşadığı ziddiyyətləri ilə unudulmaz sima olaraq qalır. Onun həyatı göstərir ki, insanın iradəsi, istedadı və ideyası bəzən sistemlərin və sərhədlərin üstündə dayanır, bəzən isə ən böyük sərvət insanın öz mənəvi zənginliyindədir.

Dəniz

Reklam