ABŞ-la  danışıqlara hazırıq – Əraqçi

ABŞ-la danışıqlara hazırıq – Əraqçi

Dünya 31.01.2026 16:43 2

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkəsi ABŞ ilə problemli məsələlər üzrə ciddi və bərabərhüquqlu danışıqlara hazırdır, lakin indiyə qədər belə danışıqlar üçün baza yoxdur.

Az24.az xəbər verir ki, Əraqçi CNN Türk kanalına verdiyi müsahibədə bildirib ki, hazırda ABŞ-la danışıqlar üçün ümumi baza yoxdur:

“Çünki əgər biz həqiqətən ciddi, formal olmayan, real danışıqlar aparmaq istəyiriksə, bunun üçün bazanı diqqətlə hazırlamalıyıq. Xüsusilə danışıqların məzmunu, formatı və qaydaları müzakirə edilməlidir və bütün bunlar hazırlanana qədər hər hansı təhdid və təzyiq vasitələrindən çəkinmək lazımdır. Ədalətli danışıqlar o deməkdir ki, hər iki tərəf masaya əyləşməyə və məsələləri hörmətlə müzakirə edərək həll yolunu tapmağa hazır olsun. İran buna hazırdır.”

O əlavə edib ki, ABŞ ilə diplomatik proses üçün münasib atmosfer yaradılmalıdır, amma hazırda ciddi danışıqlar aparılmır.

“Bizim mövqeyimiz aydındır – ədalətli və balanslı diplomatiyaya hazırıq. Amma hər iki tərəf qəbul etməlidir ki, danışıqlar diktat deyil. Heç kim danışıqlar başlamamış nəticəni proqnozlaşdıra bilməz. Təbii ki, ABŞ bizə təhdid etməyi və qorxutmağı dayandırmalıdır. Onlar bərabərhüquqlu, qarşılıqlı hörmət və ümumi fayda prinsiplərinə əsaslanan danışıqlara hazır olmalıdır. Danışıqlar kompromis tələb edir və heç kim digərlərinə öz şərtlərini diktə edə bilməz.”

Dəniz

Reklam