Təkər aşınmasının qarşısını almağın EFFEKTİV YOLLARI

Təkər aşınmasının qarşısını almağın EFFEKTİV YOLLARI

Avto 24.01.2026 20:07 12

Avtomobil təkərləri yol ilə birbaşa təmasda olan əsas hissələrdən biridir. Onların düzgün və bərabər aşınması həm sürüş təhlükəsizliyi, həm də avtomobilin texniki vəziyyəti baxımından mühüm əhəmiyyət daşıyır. Təkərlərin qeyri-bərabər aşınması isə yalnız tez-tez təkər dəyişməyə deyil, eyni zamanda ciddi texniki problemlərə və qəza riskinin artmasına səbəb ola bilər.

Təkərlərin qeyri-bərabər aşınması nədir?

Qeyri-bərabər aşınma təkərin bir hissəsinin digər hissələrə nisbətən daha tez yeyilməsi deməkdir. Bu, təkərin daxili, xarici, mərkəzi və ya kənar hissələrində özünü göstərə bilər.

Təkərlərin qeyri-bərabər aşınmasının əsas səbəbləri

1.Təkər təzyiqinin normadan aşağı və ya yüksək olması

-Aşağı təzyiq – təkərin kənar hissələri daha tez aşınır

-Yüksək təzyiq – təkərin mərkəz hissəsi sürətlə yeyilir

Bu, ən çox rast gəlinən və asanlıqla qarşısı alına bilən səbəblərdəndir.

2. Razval-sxojdeniye (təkər bucaqlarının pozulması)

Təkərlərin düzgün bucaq altında olmaması onların bir tərəfinin daha tez aşınmasına səbəb olur. Bu problem adətən:

-Bordürə dəymə

-Çuxura düşmə

-Qəza nəticəsində yaranır.

3. Asqı və sükan sistemində nasazlıq

Amortizatorların, şaravoyların, rezin buksaların köhnəlməsi təkərlərin yolda düzgün hərəkət etməsinə mane olur və qeyri-bərabər aşınma yaradır.

4. Balanssız təkərlər

Təkər balansı pozulduqda:

-Sürüş zamanı titrəmə yaranır

-Təkərin müəyyən hissələri daha tez yeyilir

Bu həm də sükan sisteminə əlavə yük salır.

5. Sürmə tərzi

-Sürətli startlar

-Kəskin əyləcləmə

-Döngələrdə yüksək sürət təkərlərin bərabər aşınmasına mənfi təsir göstərir.

6. Təkərlərin vaxtında rotasiya edilməməsi

Ön və arxa təkərlər fərqli yüklənməyə məruz qalır. Onların yerinin dəyişdirilməməsi aşınmanı sürətləndirir.

Qeyri-bərabər aşınmanın əsas növləri

-Kənarlardan aşınma – aşağı hava təzyiqi

-Mərkəzdən aşınma – yüksək hava təzyiqi

-Daxili və ya xarici tərəfdən aşınma – razval problemi

-Dalğavari aşınma – amortizator nasazlığı

Qarşısının alınması yolları

1. Təkər təzyiqini mütəmadi yoxlayın

Ayda ən azı bir dəfə və uzun səfərlərdən əvvəl təzyiqi normaya salın.

2. Razval-sxojdeniyeni yoxlatdırın

Hər 10–15 min km-dən bir və ya güclü zərbədən sonra mütləq yoxlanılmalıdır.

3. Asqı sisteminə nəzarət edin

Amortizatorlar və rezin hissələr vaxtında dəyişdirilməlidir.

4. Təkərlərin balansını qoruyun

Hər mövsüm dəyişməsində balans yoxlanmalıdır.

5. Təkərlərin rotasiyasını edin

Hər 8–10 min km-də ön və arxa təkərlərin yerlərini dəyişmək tövsiyə olunur.

6. Sürmə tərzini yumşaldın

Sakit sürüş təkərlərin ömrünü əhəmiyyətli dərəcədə uzadır.

Dəniz

Reklam