İcra başçıları kütləvi ixtisarlara başladı – Vəzifələr niyə ləğv edilir?
Son dövrlər şəhər və rayon icra hakimiyyətlərində aparılan struktur dəyişiklikləri dövlət aparatında yeni mərhələnin başlandığını göstərir. Rəsmi izahlar optimallaşdırma, səmərəliliyin artırılması və idarəetmənin çevikləşdirilməsi üzərində qurulsa da, prosesin arxa planında daha ciddi suallar dayanır: niyə məhz indi və niyə bu qədər genişmiqyaslı?
Yerli KİV-lərin məlumatına görə, artıq bir sıra icra hakimiyyətlərində şöbələr ləğv edilir, birləşdirilir və onların yerində daha az işçi heyəti olan sektorlar yaradılır. Ən diqqətçəkən dəyişikliklərdən biri “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş”, “İctimai-siyasi və humanitar məsələlər” şöbələri ilə “İnformasiya təminatı və təhlil” sektorunun birləşdirilməsidir. Bu strukturun yerində “Ərazi-təşkilat və ictimai-siyasi məsələlər” adlı yeni şöbə formalaşdırılıb.
Oxşar proses sosial-iqtisadi və tikinti sahəsində də aparılıb.
“Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması” şöbəsi “Memarlıq və tikinti” şöbəsi ilə birləşdirilərək vahid struktur – “Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri” şöbəsi yaradılıb. Yeni şöbənin daxilində isə müvafiq sektorlar fəaliyyət göstərəcək.
Bu dəyişikliklər ilk baxışdan texniki xarakter daşıyır. Ancaq reallıqda söhbət kütləvi ixtisarlardan gedir. Çünki sektorlaşma avtomatik olaraq ştat vahidlərinin azalması deməkdir. Bir neçə şöbənin gördüyü iş indi daha az sayda əməkdaş tərəfindən icra ediləcək.
İxtisar dalğası yalnız aparat səviyyəsi ilə məhdudlaşmır. Qəsəbə və kənd icra nümayəndəliklərində də ciddi dəyişikliklər aparılıb. Belə ki, icra nümayəndəsinin müavini və baş mühasib vəzifələri ləğv edilib. Bu postlarda çalışan şəxslər ixtisara düşüb. Yeni qaydalara əsasən, icra nümayəndəliklərinin ştat sayı əhali sayına görə müəyyənləşdirilib: əhalisi 10 min nəfərədək olan ərazilərdə 3, 10 mindən çox olanlarda isə 4 əməkdaş nəzərdə tutulur.
Maraqlıdır ki, bu qərarlar illərdir tənqid hədəfində olan icra hakimiyyəti sistemində köklü islahatların başlanğıcı kimi təqdim edilir. Bu islahatlar həqiqətən idarəetmənin keyfiyyətini artıracaq, yoxsa sadəcə kağız üzərində struktur dəyişiklikləri ilə kifayətlənəcək?
Digər tərəfdən, ixtisarların sosial nəticələri də diqqətdən kənarda qala bilməz. Uzun illər icra strukturlarında çalışan yüzlərlə insan bir anda işsiz qalır. Alternativ məşğulluq imkanlarının məhdud olduğu regionlarda bu, əlavə sosial gərginlik riski yaradır.
Ağ Partiya sədri Tural Abbaslı Musavat.com-a bildirib ki, hökumət kütləvi ixtisarları struktur dəyişikliyi kimi təqdim edir.
Onun sözlərinə görə, ixtisarlar daha çox maliyyə problemlərinin həll olunması üçün atılmış ixtisarlardır:
“İşləyən mexanizm aradan qaldırılır, amma onun yerinə təklif olunan mexanizmlər aydın deyil. Bu strukturlar daxili qərarlarla ixtisara salınır, birləşdirilir və regionlaşdırılır. Düşünə bilərlər ki, bu yaxşı haldır, büdcəyə düşən yük azalır. Lakin bunun əks tərəfi də var, bəs orada çalışan minlərlə insanın taleyi necə olacaq? O insanlar necə iş tapacaq? Onlar həyatlarının 20-30 ilini bu işə sərf ediblər və hazırda pensiya yaşına da çatmayıblar, üstəlik də başqa işdə də işləmək şansları yoxdur. İslahat aparılan zaman işsiz qalan insanların taleyi barədə əvvəlcədən qərar verilməlidir. Görünən odur ki, hazırda icra hakimiyyətlərində ixtisara düşənlərlə bağlı heç bir tədbir görülməyib və “özləri iş tapsın” yanaşması göstərilir”.
Partiya sədri bildirib ki, regionlarda icra hakimiyyətləri strukturunun idarəçiliyini bəyənmir:
“Lakin bunun struktural bir problem olduğunu düşünmürəm. Bu, həm personal problemidir, eyni zamanda nəzarət mexanizmlərinin aktiv olmamasından qaynaqlanır. Dövlət başçısı da öz çıxışında qeyd etdi ki, ola bilsin ki, icra hakimiyyətləri ləğv olundu və yeni model olaraq prezidentin səlahiyyətli nümayəndəliyi yaradıldı. Lakin Naxçıvandakı səlahiyyətli nümayəndəlik göstərdi ki, bu da uğurlu model deyil. Bu o deməkdir ki, kadr seçimi mexanizmi olmalıdır. Azərbaycanda yəqin ki, bu iş zaminliklə, yəni kiminsə təqdimatı ilə vəzifələrə təyinat edilir. Digər tərəfdən təyin edilmiş adamın başı üzərində siyasi anlamda hər hansısa bir nəzarətin olmaması da diqqət çəkir. Müxalifətin də nəzarət mexanizmi olmalıdır. Özləri qərar verir, özləri icra edir. Bu yanaşma düzəlmədikcə vəziyyət belə də davam edəcək. Köklü dəyişikliklər üçün müxalifət dövlət idarəçiliyinə buraxılmalıdır ki, o, öz funksiyasını yerinə yetirə bilsin. Müxalifətin işi təftiş, tənqid və nəzarətdir. Bu, olmadığı halda məmurun korrupsioner və ya dürüst olduğunu necə öyrənə bilərik ? Əks halda simvolik dəyişikliklərin, ixtisarların nəticə verəcəyinə inanmıram”.
Reklam
Oxşar xəbərlər
Vəzifəli şəxs işdən çıxarıldı – FOTO
Ermənilərin təhvil verilməsinə AB-dən REAKSİYA
Ermənistandan təhvil verilən Vaqif Xaçatryan ilə bağlı İLK AÇIQLAMA
Prezident yüksək vəzifəyə təyin etdiyi şəxs bu nazirin qardaşı imiş – MARAQLI MƏLUMATLAR
Prezident onu nazir müavini təyin etdi – FOTO
Onlar bu ölkələrə vizasız gedəcək – Qanun
Xaçatryan və daha 3 nəfər Ermənistana təhvil verildi