Bu şəxslərə hər ay 140 manat veriləcək

Bu şəxslərə hər ay 140 manat veriləcək

Sosial 14.01.2026 16:00 183

Ailə başçısını itirmiş və 18 yaşınadək əlilliyi müəyyən edilmiş, hazırda isə 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üçün dövlət tərəfindən sosial müavinət təyin edilir.

Az24.az xəbər verir ki, mövcud qaydalara əsasən, bu kateqoriyaya aid şəxslərə aylıq 140 manat məbləğində maddi dəstək göstərilir.

Müavinətin təyin olunması üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, eləcə də ailə başçısının vəfatını təsdiq edən rəsmi sənəd tələb olunur. Ailə başçısı itkin düşmüş və ya ölmüş elan edilibsə, bu barədə məhkəmə qərarı təqdim edilməlidir. Müraciətin nümayəndə vasitəsilə edilməsi zamanı isə nümayəndənin səlahiyyətlərini təsdiqləyən etibarnamə və ya qəyyumluq sənədi də əlavə olunmalıdır.

Qanunvericiliyə görə, bu sosial müavinət yalnız Azərbaycan vətəndaşlarına deyil, eyni zamanda ölkə ərazisində daimi yaşayış hüququ olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil edilir.

Sənədlərin natamam təqdim edilməsi və ya müavinətin təyin edilməsi üçün hüquqi əsasın olmaması hallarında müraciətə mənfi cavab verilə bilər.

Qeyd edək ki, bu sosial mexanizm ailə başçısını itirmiş və əmək qabiliyyəti məhdud olan şəxslərin maddi təminatının gücləndirilməsinə xidmət edir. Vətəndaşlara müraciət zamanı sənədləri tam və düzgün formada təqdim etmək tövsiyə olunur. (BAKU.WS)

Reklam