Əri tərəfindən tərk edilən, arzusu ürəyində qalan Elza İbrahimovanın ACI TALEYİ
Elza İbrahimova Azərbaycan musiqisinin ən parlaq şəxsiyyətlərindən biri hesab olunur – o, həm milli estrada janrına, həm də klassik musiqi dilinə dərin iz qoymuş görkəmli bəstəkardır.
Elza İmaməddin qızı İbrahimova 10 yanvar 1938-ci ildə Hacıqabul şəhərində dünyaya gəlib.
Onun musiqiyə olan həvəsini ilk dəfə anası hiss edir. Musiqi məktəbini bitirdikdən sonra anasının dəstəyi ilə sənədlərini ali məktəbə verir. İmtahan verdiyi ilk ildə ixtisas fənlərindən əla qiymətlər alsa da, bir fəndən kəsilir. Həvəsdən düşən Elza İbnrahimova yenidən imtahan vermək istəmir və anasına dərzi olmaq istədiyini bildirir. Lakin anası ona “Mən sənə çit paltar tikdirəcəm” deyib Elzanı fikrindən daşındırır və o, ikinci dəfə ali məktəbə imtahan verir və Cövdət Hacıyevin sinifinə daxil olur.

Anası Sona xanım qızının Qara Qarayevin sinfində təhsilinə davam etməsini istəyir. Buna səbəb isə anasının həmin dövrdə məşhur olan “Yeddi Gözəl” operasını çox sevməsi olub.
Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyib və bu əsər — “Yalan ha deyil” – Şövkət Ələkbərova tərəfindən ifa edilib.
O, Azərbaycan mahnı janrını zənginləşdirərək bu sahədə yeni nəfəs gətirmiş bəstəkarlardandır. Onun melodiyaları dərin hisslər, sevgi, xatirə və vətən hissi ilə doludur və bu baxımdan xalq arasında çox sevilib.
Elza xanım həm də Azərbaycan musiqisində tanqo ritmini estrada repertuarına gətirən ilk xanım bəstəkardır və 11 tanqonun müəllifidir.

Bəstəkar yalnız mahnı janrında qalmayıb — o, fortepiano və orkestr üçün konsertlər, romanslar, sonatalar, kvartetlər yazıb, həmçinin bir neçə opera da bəstələyib. Üzeyir Hacıbəyovdan sonra muğam əsasında opera yazan ikinci bəstəkardır.
Onun “Afət”, “Şeyx Şamil” və “Yanan laylalar” kimi səhnə əsərləri milli musiqi repertuarında xüsusi yer tutur.
Bəstəkarın “Qurban verərdim” mahnısının sovet ruhuna uyğun olmadığı əsas gətirilərək uzun illər efir qadağasına məruz qalır. Deyilənə görə mahnının ilk ifaçısı olan Akif İslamzadə bədii şura tərəfindən töhmət alıb.
Elza xanım mahnılarının əksəriyyətini Flora Kərimova üçün yazıb. İlhamə Quliyevanın ifasında məşhurlaşan “Gəl-gəl, gülüm” mahnısını Flora Kərimova üçün yazıb. Həmin ərəfədə Flora Kərimova qastrol səfərinə getməli olduğu üçün onunçün yazdığı “Bilməzdim” və “Sən yadıma düşəndə” mahnılarını başqa sənətkarlara verməli olub. Elmira Rəhimova “Sən yadıma düşəndə” mahnısını elə gözəl ifa edir ki, Flora xanım o mahnıya bir də qayıtmır.

Elza İbrahimova öz yaradıcılığı ilə həm Azərbaycanda, həm də qonşu Dağıstanda geniş tanınmış, 1992-ci ildə əməkdar incəsənət xadimi, 2008-ci ildə isə Azərbaycan və Dağıstanın Xalq artisti fəxri adlarına layiq görülmüşdür. Elza İbrahimova Xalq artisti adı alanda 70 yaşı var idi.
Elza xanımın Maykl Ceksona rekviem yazdığı da deyilir. Bu fikir rəsmi mənbələrdə təsdiqini tapmasa da, uzun illərdir musiqi mühitində və cəmiyyət arasında dolaşan ən maraqlı rəvayətlərdən biri kimi yaşayır. Ən maraqlısı isə odur ki, Elza İbrahimovanın özü bu mövzuya heç vaxt aydınlıq gətirməyib. O, müsahibələrində beynəlxalq səhnəyə çıxmaq arzusundan, dünya musiqisinə inteqrasiya etmək istəyindən danışsa da, konkret olaraq Maykl Ceksonun adını çəkməyib. Bu susqunluq isə əfsanəni daha da cazibədar edib.
Elza xanımın məşhur 24 yaşında özündən yaşca xeyli böyük olan professor Adil Ələkbərovla ailə qursa da, bu evliliyin ömrü uzun olmayıb. Cəmi bir il davam edən ailə həyatından cütlüyün Zəhra adlı qızları dünyaya gəlib. Qızlarının 1 yaşı olmamış Adil Ələkbərov naməlum səbəblə Elza İbrahimovanı tərk edir. Hətta qızının üzünü belə görmək istəmir. Yaşadığı bu uğursuz ailə həyatından sonra sənətkar bir daha evlənmir.

Təbiətcə sakit, azdanışan və sadəliyi sevən Elza İbrahimova heç vaxt zinət əşyalarına maraq göstərməz və istifadə etməzdi. Hətta deyilənə görə onun bir qızıl üzüyü belə olmayıb.
Uzun illər şəxsi evi olmayan Elza İbrahimovaya ömrünün sonlarında verilən evdə yaşamaq qismət olmayıb.
Ən böyük arzusu “Yanan laylalar” operasını səhnədə görmək olsa da, bu ona qismət olmur. Bu opera Qarabağ faciəsinə həsr olunub. “O zaman mənə ilham gələnə haradan bilərdim ki, 20 il bu əsər uğrunda mübarizə aparmalı olacağam” deyirdi. Buna görə ömrünün son illərini depressiyada keçirir.
Ömrünün sonlarına yaxın depressiyaya düşən sənətkar heç kimi görmək və danışmaq istəməyib. Ömrünün son bir ayından isə yemək içməkdən imtina edib. 2012- ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.Elza İbrahimova 11 fevral 2012-ci ildə vəfat edib və Bakıda II Fəxri Xiyabanda dəfn olunub.
Dəniz
Reklam
Oxşar xəbərlər
Azərbaycan çempionu oldu, boşandı, İsraildə masajist işlədi – “Bəyin oğurlanması”nın Yasəməni hanı?
Dünyanın xoşbəxti, spikeri tənqid edən keçmiş deputat – Zeynəb Xanlarova haqqında bilmədiklərimiz…
Pərəstişkarı ilə evləndi, Nəsibə Zeynalova onu otağından qovdu – Xalq artistinin tənha həyatı
Qızı gözünün qabağında qətlə yetirilən Xalq artisti – Anası niyə onu heç vaxt bağışlamadı?