Müalicəsi illərdi yanlış aparılırmış – ARAŞDIRMA

Müalicəsi illərdi yanlış aparılırmış – ARAŞDIRMA

Sağlamlıq 04.01.2026 19:14 19

Keçən il dərc olunan tək bir klinik araşdırma qadın sağlamlığı sahəsində illərdir həllini tapmayan mübahisəyə yeni baxış bucağı gətirərək ginekologiya dünyasında ciddi rezonans doğurdu.

Az24.az xəbər verir kİ, “The New England Journal of Medicine” jurnalında ötən il yayımlanan araşdırma göstərib ki, dünyada ən geniş yayılmış vaginal infeksiya olan bakterial vaginoz yalnız qadınlara məxsus problem deyil, həm də cinsi yolla ötürülə bilir.

Həyatının müəyyən bir dövründə hər üç qadından birini təsir altına alan bakterial vaginoz artıq 50 ildir ki, yalnız qadınlara yönəlik antibiotiklərlə müalicə olunurdu.

Amerikanın “New York Times” qəzeti yazır ki, həkimlər bu infeksiya ilə əlaqəli bakteriyaların penisdə də mövcud ola bildiyini bilsələr də, kişi partnyorları müalicəyə cəlb etmirdilər. Bu yanaşma infeksiyanın təkrarlanma riskini artırır, xəstələr isə qapalı bir dövrəyə düşürdülər.

Yeni araşdırma isə bakterial vaginozun cinsi yolla ötürülə bildiyini və müalicə yanaşmasının buna uyğun dəyişdirilməsinin vacibliyini ortaya qoydu.

Tədqiqatdan sonra klinik praktikaların sürətlə dəyişməyə başladığı bildirilir. Amerika Ginekoloqlar və Doğum Mütəxəssisləri Kolleci keçməyən bakterial vaginoz hallarında kişi partnyorların da müalicə olunmasını tövsiyə edib.

Buna baxmayaraq, bakterial vaginozun rəsmi olaraq cinsi yolla ötürülən infeksiya sayılıb-sayılmaması mübahisə mövzusu olaraq qalır.

Mütəxəssislər bildirirlər ki, infeksiya tək bir bakteriyadan deyil, vagina bölgəsindəki tarazlığın pozulması nəticəsində yaranır. Həmçinin duş qəbul etmə, siqaret çəkmə, hormonlar, menstruasiya və hətta dar geyimlər kimi bir çox faktorun infeksiyanı tətikləyə biləcəyi qeyd olunur.

Bu səbəbdən bəzi tədqiqatçılar bakterial vaginoz üçün “cinsi yolla ötürülə bilən” ifadəsinin daha dəqiq olduğunu müdafiə edirlər. Bununla belə, həkimlər infeksiyanın cinsi aspektinin nəzərə alınmamasının xəstələr üçün ağır nəticələr doğurduğu məsələsində həmfikirdirlər.

Bakterial vaginoz axıntı və pis qoxu ilə yanaşı, hamiləlik zamanı mənfi nəticələrə, HİV və digər infeksiyalara yoluxma riskinin artmasına səbəb olur.

Dəniz

Reklam