44 yaşında yeni müqavilə imzaladı

44 yaşında yeni müqavilə imzaladı

İdman 02.01.2026 21:11 14

44 yaşlı təcrübəli hücumçu Roke Santa Kruz karyerası ilə bağlı növbəti sürprizə imza atıb.

AZ24.az xəbər verir ki, futbol dünyasının tanınmış simalarından olan paraqvaylı forvard ölkəsinin yüksək liqasında çıxış edən “Nasyonal” klubu ilə müqavilə bağlayıb.

Son illərdə karyerasını Paraqvayda davam etdirən Santa Kruz ötən mövsümü liqanı 3-cü pillədə başa vuran “Nasyonal” ilə 1 illik müqavilə imzalayıb. Təcrübəli futbolçunun transferi futbol ictimaiyyətində maraqla qarşılanıb.

Roke Santa Kruz Paraqvay milli komandasının tarixində də xüsusi yer tutur. 1999-cu ildən bəri milli formada 112 oyuna çıxan hücumçu 32 qolla yığmanın ən çox qol vuran futbolçusu rekordunu hələ də əlində saxlayır.

Avropada zəngin karyera yolu keçən Santa Kruz müxtəlif illərdə “Bavariya”, “Mançester Siti”, “Blekkbörn”, “Malaqa” və “Betis” kimi klubların formasını geyinib. Xüsusilə “Bavariya”dakı çıxışı ilə yadda qalan forvard Almaniya nəhənginin heyətində yüzlərlə oyunda iştirak edib.

44 yaşında olmasına baxmayaraq futbolçu karyerasını davam etdirməkdə qərarlı olan Roke Santa Kruzun yeni mövsümdə “Nasyonal”ın hücum xəttində əsas fiqurlardan biri olacağı gözlənilir.

Reklam