İkinci əl avtomobil almaq istəyənlərə TÖVSYƏ

İkinci əl avtomobil almaq istəyənlərə TÖVSYƏ

Avto 30.12.2025 18:45 17

Avtomobil almaq ciddi qərardır və xüsusilə ikinci əl maşın seçərkən diqqətsizlik sonradan gözlənilməz xərclərə və problemlərə yol aça bilər. İlk baxışda ideal görünən bir avtomobil, əslində gizli texniki və ya hüquqi qüsurlara sahib ola bilər. Məhz buna görə də ikinci əl avtomobil alarkən bəzi vacib məqamlara əvvəlcədən diqqət yetirmək böyük əhəmiyyət daşıyır.

Aşağıdakı məqamlar xüsusilə vacibdir:

Avtomobilin sənədləri
Maşının texniki pasportunun (şəhadətnamə) orijinal olmasına, VIN nömrəsinin sənədlərlə üst-üstə düşməsinə diqqət yetirin. Avtomobilin girovda, axtarışda və ya məhkəmə çəkişməsində olub-olmadığını mütləq yoxlayın.

Kuzov və boya vəziyyəti
Maşının qəza keçirmiş olub-olmamasını müəyyən etmək üçün kuzovu diqqətlə yoxlayın. Rəng fərqləri, aralıqların bərabər olmaması, sonradan vurulmuş boya qəza əlaməti ola bilər.

Mühərrik və texniki hissə
Mühərriki soyuq vəziyyətdə işə salın. Qəribə səslər, tüstü, yağ sızması ciddi problem göstəricisidir. Mümkünsə, avtomobili mütləq ustaya və ya diaqnostikaya aparın.

Yürüş (probeg)
Çox aşağı yürüş göstəricisi həmişə üstünlük demək deyil. Bəzi hallarda yürüş geri çəkilə bilər. Salonun vəziyyəti (sükan, pedal, oturacaqlar) yürüş barədə daha real məlumat verir.

Asqı və əyləc sistemi
Test sürüşü zamanı maşının səs-küyünə, titrəməsinə, əyləc zamanı dartma olub-olmamasına diqqət edin. Bu hissələrdəki nasazlıqlar əlavə xərc yarada bilər.

Elektron sistemlər
Şüşəqaldıranlar, kondisioner, isitmə sistemi, sensorlar və paneldəki xəbərdarlıq işıqları yoxlanılmalıdır.

Yanacaq növü və xərclər
Avtomobilin yanacaq sərfiyyatını, ehtiyat hissələrinin qiymətini və servis xərclərini əvvəlcədən araşdırın.

Qiymət və bazar dəyəri
Oxşar modellərlə müqayisə aparın. Qiymət normadan xeyli aşağıdırsa, səbəbini öyrənin.

Alqı-satqı prosesi
Müqaviləni yalnız rəsmi qaydada bağlayın, ödənişi sənədləşdirin və maşını notariat qaydasında adınıza keçirin.

Dəniz

Reklam