Dünya ölkələrinin Yeni il adətləri

Dünya ölkələrinin Yeni il adətləri

İnanc 27.12.2025 14:40 25

Yeni il dünyanın hər yerində fərqli adətlər, maraqlı inanclar və əsrlərdən gələn rituallarla qarşılanır. Bəzi xalqlar bu gecəni səssiz dualarla, bəziləri isə səs-küy, simvolik mərasimlər və qeyri-adi davranışlarla qeyd edir. Müxtəlif ölkələrdə Yeni ilin gəlişi insanların dünyagörüşünü, inanclarını və həyat tərzini əks etdirən özünəməxsus ənənələrlə müşayiət olunur.

Böyük Britaniya

Bu ölkədə Yeni il ərəfəsində evlər səliqə-sahmana salınır, hər yer təmizlənir. Gecə yarısı yaxınlaşanda ailənin böyüyü köhnə ilin getməsi və yeninin gəlməsi üçün evin bütün qapılarını açır. Daha sonra qapılar bağlanır və ilk qonağın gəlişi həyəcanla gözlənilir. İnanca görə, evə ilk daxil olan şəxsin xarici görünüşü ilin necə keçəcəyinə təsir göstərir. Ən uğurlu qonaq kürən kişi sayılır. Bəzi adamların gəlişi isə arzuolunmaz hesab edildiyindən qoruyucu inanclar tətbiq olunur. Qonağın özü ilə kömür, şirin çörək və içki gətirməsi isə bolluq rəmzi sayılır.

İtaliya

İtalyanlar Yeni ili yüksək səslə, qışqırıq və şənliklə qarşılayırlar. Bu, köhnə ildən qurtulmaq və yeni ili coşqu ilə qarşılamaq anlamı daşıyır. Bundan başqa, Yeni il ərəfəsində köhnə əşyaların pəncərədən atılması geniş yayılıb. İnsanlar bununla mənfi enerjidən və keçmişdən xilas olduqlarına inanırlar.

İsveçrə

İsveçrədə Yeni il gecəsi şam hədiyyə etmək ənənə halını alıb. Şam işığı dostluq, istilik və sevinci simvolizə edir. Bayram axşamı ailə başçısı evdən çıxaraq Şaxta baba obrazında geri qayıdır və uşaqlara sürpriz hədiyyələr paylayır.

Fransa

Fransada Yeni il hədiyyələrlə yadda qalır. Per Noel uşaqlar üçün sürprizlərini adətən başmaqların içinə qoyur. Bununla belə, hədiyyə seçimi xüsusi diqqət tələb edir. Məsələn, bəzi hədiyyələr, xüsusən ətir, yalnız ailə daxilində münasib sayılır.

Argentina

Argentinada Yeni il günü insanlar evlərində yığılıb qalmış lazımsız kağızları, köhnə sənədləri və qəzetləri pəncərədən çölə atırlar. Bu adət həm də psixoloji yüngülləşmə və stressdən azad olma üsulu kimi qəbul edilir.

Almaniya

Almanlar saatlar on ikini göstərən an əllərində metal pul tutaraq tullanmaga üstünlük verirlər. Bu ritualla yeni ildə maddi bolluq və bərəkət arzulayırlar.

Finlandiya

Finlər üçün Yeni il süfrəsi ənənəvi yeməklərsiz təsəvvür olunmur. Düyü sıyığı və gavalı kiseli bayramın ayrılmaz hissəsidir. Bayramın əsas simvolu isə fin Şaxta babası Youlupukkidir.

Yaponiya

Yaponiyada Yeni ilin əsas simvollarından biri Kadomaçu ağacıdır. Məbədlərdə 108 dəfə zəng çalınır və hər zərbənin insanı bir mənfi xüsusiyyətdən azad etdiyinə inanılır. Evlərin girişinə bambuk və şam budaqları asılır, uşaqlar isə arzularını rəsmlə ifadə edib yastıqlarının altına qoyurlar.

İspaniya

İspaniyada Yeni il gecəsi şəhər meydanları dolub-daşır. Saatın hər zərbəsi ilə bir üzüm dənəsi yemək adəti var. On iki üzüm yeni ilin on iki ayı üçün uğur rəmzi sayılır.

Ekvador

Ekvadorda Yeni il öncəsi iri kuklalar hazırlanır və gecə yarısı yandırılır. Bu mərasim köhnə ilin bütün pisliklərini geridə qoyub yeni həyata başlamağı simvolizə edir.

Kuba

Kubada Yeni il su ilə bağlı rituallarla qeyd olunur. İnsanlar qabları su ilə doldurur və gecə yarısı pəncərədən çölə tökürlər. Bununla yanaşı, 12 üzüm yemək və küçələrdə fişənglərlə rəqs etmək də geniş yayılıb.

İsveç

İsveçdə isə Yeni il gecəsi qonşuların qapısı önündə qab-qacaq sındırmaq adəti mövcuddur. Bu, gələn ildə dostluq və münasibətlərin möhkəmlənəcəyinə işarə kimi qəbul edilir.

Beləliklə, Yeni il dünyanın hər yerində fərqli cür qeyd olunsa da, bütün bu adətlərin məqsədi eynidir — yeni ili ümid, xoşbəxtlik və uğurla qarşılamaq.

Dəniz

Reklam