Pərəstişkarı ilə evləndi, Nəsibə Zeynalova onu otağından qovdu – Xalq artistinin tənha həyatı

Pərəstişkarı ilə evləndi, Nəsibə Zeynalova onu otağından qovdu – Xalq artistinin tənha həyatı

Bioqrafiya 27.12.2025 12:51 415

Azərbaycan teatr və kino tarixində elə sənətkarlar var ki, onların səhnədə yaratdığı obrazlar alqışlarla qarşılanıb, lakin şəxsi taleləri səssiz, ağrılı və tənhalıqla yazılıb. Xalq artisti Safurə İbrahimovanın həyatı da məhz belə talelərdəndir.

Safurə İbrahimova 27 dekabr 1938-ci ildə Bakıda dünyaya gəlib. Atası şəhərin tanınmış tacirlərindən olub. Lakin sovet dövrünün amansız reallığı bu ailəni də yan keçməyib. Ticarətlə məşğul olduğu üçün atasının bütün var-dövləti əlindən alınıb, ailə ölkənin ən ucqar kəndlərindən birinə sürgün edilib. Bu sürgün təkcə məkan dəyişikliyi deyildi, bir ailənin həyatının alt-üst olması idi.

Akrtrisa son müsahibəsində bununla bağlı deyib: Sürgündə olduğumuz illər, elə Bakıya qayıdandan sonra da biz çox aclıq çəkmişik. Yeməyə çörək tapmırdıq. Dörd, beş yaşım olanda anam məni diziylə itələyib bayıra atırdı ki, məndən balaca bacımın, qardaşımın süd payını içməyim. Böyüyəndən sonra da yadıma gəlir ki, çox aclıq çəkdik. Mənim qırmızı rəngdə bir paltom vardı. Anam onu zorla mənim əynimdən çıxarıb satmaq istəyirdi ki, evə ərzaq alsın. Amma mən qışqırıb ağlamışdım, paltomu əynimdən çıxarmamışdım”.

Uşaqlıqdan başqa arzusu vardı Safurənin – o, həkim olmaq istəyirdi. Məktəbi bitirəndən sonra sənədlərini tibb universitetinə verir. Lakin imtahanlardan kəsilir.

“Ən böyük arzum həkim olmaq idi. Sənədlərimi həkimlik ixtisası üzrə versəm də, axırıncı imtahanlardan kəsildim. İşsiz-gücsüz ortalıqda qalmışdım. Amma təhsil almaq həvəsim ölməmişdi. Dayımın böyük kitabxanası vardı, ondan xəlvət oradakı kitabların hamısını oxumuşdum. Bir dəfə rəfiqəm məni Adil İsgəndərovun yaratdığı aktyorluq kursuna apardı. Elə o gündən sonra hər gün işdən çıxıb birbaşa ora gəlirdim. Məşqlərin birində Adil müəllim mənə dedi ki, qadam, çıx səhnəyə səni də yoxlayaq. Adil müəllimdən öyrəndiklərimdən sonra universitetdə Rza Təhmasibin kursunda oxumaq mənim üçün çətin olmadı. Anam aktrisa olmağıma razı deyildi. Həmişə də bu sənəti seçdiyim üçün mənə qarğış edirdi. Deyirdi, səni görüm heç vaxt gəlinlik geyinməyəsən, başına duvaq atmayasan”.

Aktrisa 36 yaşında bir prokurorla ailə həyatı qurur. Müəyyən səbəblərdən toyunda gəlinlik geyinə bilmir. Həyat yoldaşı Safurə İbrahimovanın vurğunu olur. Deyilənə görə, onun heç bir tamaşasını buraxmır, hər çıxışdan sonra səhnə arxasına gül-çiçək aparırmış.

“Mən beş il ərdə olmuşam. O, adamla qanuni və dini nikahım vardı. Onunla bir-birimiz sevmişdik. Yaraşıqlı, ağıllı oğlan idi. Yoldaşım mənimlə ailəsinin razılığı olmadan evlənmişdi. Anası ona demişdi ki, ölümümə bir gün qalsa da, səni qoymaram onu alasan. Mən ərimin xalası qızı ilə nişanlı olduğunu sonralar bildim.Uşağımız olmadı, getdikcə o da məndən soyumağa başladı, deyəsən qısqanırdı da.

Ancaq bizimki alınmadı, o getdi, başqası ilə ailə qurdu. Bir dəfə oğlu ilə bizə gəlmişdi. Ailəli olsa da, mənə çox yalvardı ki, onunla yenidən bir yerdə yaşayım, amma mən razılaşmadım. Sonralar da rollar, çəkilişlər başımı qatdı, təkliyə də alışdım. İndi öz təkliyimdə rahatam”.

Bundan sonra Safurə bir daha ailə həyatı qurmur. Bacısının oğlunu övladlığa götürür və ana sevgisini ona yönəldir.

Anası onun aktrisa olmasını heç vaxt qəbul etmir. Qardaşları da onun sənət seçimini qəbul etməyiblər. Hətta “Sevil” filmindəki roluna görə qardaşlarından biri Safurənin üstünə balta qaldırıb.

Onun gözəlliyi, səhnə cazibəsi və istedadı diqqətdən yayınmırdı. Həsən Turabov, Eldəniz Zeynalov və Tariyel Qasımov ona evlənmə təklifi etmişdi. Amma o, bu təkliflərin heç birini qəbul etmir.

“Qayınana” filminin çəkilişləri zamanı aktyor heyətinə otaqlar ayrılır. Xüsusilə də digər ölkələrdən gələn əcnəbi aktyorlar üçün ayrıca şərait yaradılır. Safurə İbrahimovaya isə Nəsibə Zeynalova ilə bir otaqda qalmaq tapşırılır. Nəsibə Zeynalova buna kəskin reaksiya verir və onu otağından çıxararaq deyir:
“Mən yatıram, uzanıram, paltarımı dəyişirəm. Sən mənə baxacaqsan? Xoşlamıram belə şeyləri. Mən tək qalmaq istəyirəm, heç kimlə qalmayacağam.”

Teatrdan ayrıldıqdan sonra Safurə İbrahimova qapalı həyat tərzi sürməyə başlayır. Bir müddət sonra onunla bağlı “dəli olub” şayiələri dolaşır. Halbuki bu, tənhalığın, incidilmiş ruhun və sənətdən kənarlaşdırılmış bir aktrisanın sükutu idi.

“Özüm ərizəmi yazıb teatrdan çıxdım. Dedim ki, xəstəyəm, müalicə olunmalıyam. Məni heç kim çıxarmadı. Hətta Əlabbas Qədirov məni qoymurdu teatrdan çıxmağa. Bir ay məni teatrda saxladı. Sonra özüm ərizəmi onun masasının üstünə qoyub teatrdan getdim. Çünki çıxmasaydım, orda başıma nə isə gələcəkdi, hansısa zədə alacaqdım, məni həmin zədə ilə oradan çıxaracaqdılar. “Hökmdar və qızı” tamaşasındakı rolum teatrdakı son rolum oldu”.

Teatrda ona çox əziyyət veriblər. Bu incidilmələr bəzən açıq təhlükəyə çevrilib. “Sevil” tamaşasının premyerası zamanı onu yıxmaq istəyiblər. Safurə həmin anı belə xatırlayır: “‘Sevil’ tamaşasında düşdüyüm pilləkənlərdən birinin taxta pilləsini vurmamışdılar. Mənim də bundan xəbərim yox idi. Pilləkənləri düşəndə Allah üzümə baxdı ki, ayağımın altındakı boşluğu hiss etdim. Əgər mən ayağımı həmin boşluğa atsaydım, üzü üstə səhnənin döşəməsinə yıxılacaqdım.”

Bu maneələr bununla bitmir. “Arxadan vurulan zərbə” filmində Ziba, “Sevil” filmində Dilbər, “Gün keçdi” filmində isə Əsmər roluna çəkilməsinin qarşısı alınır. Uzun illər ona fəxri ad verilməsinə də imkan yaratmırlar.

Tək yaşayan aktrisadan 2-3 gün xəbər ala bilməyən qonşuları və yaxınları FHN və polis əməkdaşlarına müraciət edir və yaşadığı mənzilin qapısını açanda onu evində yıxılı vəziyyətdə tapırlar. Ondan sonra aktrisa bir müdət yataq xəstəsi olur.

Xalq artisti 21 dekabr 2020-ci ildə vəfat edir.

Tanınmış aktrisa Məlahət Abbasova Xalq artisti Səfurə İbrahimovanın ölümü ilə bağlı ciddi ittihamlar irəli sürüb. O, aktrisanın qardaşı qızı Könül İbrahimovanın xalq artistinin bankda olan 300 min manat pulunu ələ keçirmək niyyətində olduğunu iddia edib.

M.Abbasovanın sözlərinə görə, Könül İbrahimova guya Səfurə İbrahimovanın yanında ona baxmaq üçün qalsa da, əsl məqsədi fərqli olub. O bildirib ki, Səfurə xanım yıxılıb xəsarət almasına baxmayaraq, xəstəxanaya aparılmayıb, nəticədə yataq xəstəsinə çevrilib.

Abbasova iddia edib ki, notarius əməkdaşları Səfurə İbrahimovanın vəziyyətini görərək sənəd imzalatmaqdan imtina etsələr də, sonradan başqa şəxslər vasitəsilə bu sənəd imzaladılıb. Onun sözlərinə görə, Səfurə İbrahimovanın ölüm səbəbi də hələ də məlum deyil və məsələ araşdırılmalıdır.

M.Abbasova həmçinin qeyd edib ki, Xalq artisti sağlığında dəfələrlə ona bütün vəsaitinin ölümündən sonra “YAŞAT” fonduna köçürülməsini istədiyini deyib.

Dəniz

Reklam